Ermənistanda sorğu qalmaqalı: reytinqlər niyə mübahisə doğurur?

2026/03/1772775337.jpg
Oxunub: 460     12:39     15 Aprel 2026    
Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə aparılmış sorğunun etibarlılığı ətrafında qalmaqal yarana bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Məqsəd cəmiyyətdə kütləvi laqeydlik yaratmaqdır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, “Eadaily.com” “Ermənistan hakimiyyəti Paşinyanın mənfi səviyyəyə enmiş etimad reytinqini dərc etməkdən qorxur” başlıqlı məqaləsində bu məsələyə toxunub.

Məqalədə, həmçinin “Politik.am”a istinadla bildirilir ki, etibarlı mənbələrin məlumatına görə, təşkilatın ötən ilin sonunda keçirdiyi son genişmiqyaslı sorğunun nəticələri hazırkı hökumətin Qərbdəki kuratorları arasında ciddi çaşqınlıq yaradıb.

“Sorğunun nəticələri sifarişçiləri təəccübləndirib, çünki Nikol Paşinyana inamın fəlakətli şəkildə aşağı düşdüyü üzə çıxıb. Mənbənin sözlərinə görə, son bir ildə aparılan çoxsaylı təbliğat səylərinə baxmayaraq, onun reytinqi demək olar ki, yaxşılaşmayıb və hakimiyyət üçün fəlakətli dərəcədə aşağı səviyyədə qalıb, üstəlik onun mənfi reytinqi mütləq xarakter alıb”, - deyə “Past” yazıb.

KİV-in yazdığına görə, hətta Robert Köçəryan və ya Samvel Karapetyan kimi əsas müxalif simaların iştirak etmədiyi modelləşdirilmiş ssenaridə belə, respondentlərin böyük əksəriyyəti istənilən halda hazırkı baş nazirin lehinə səs verməkdən imtina edib.

Nəşr vurğulayır ki, Qərbyönlü kursun legitimliyini şübhə altına alan belə mənfi nəticələr ABŞ-nin tərəfi üçün olduqca arzuolunmazdır.

“Buna görə də qərar qəbul edilib ki, nə etmək mümkün olduğu aydınlaşana qədər real rəqəmlər dərc edilməsin. Mənbənin sözlərinə görə, hesabat sonradan “düzəldilib”, rəqəmlər isə süni şəkildə şişirdilib ki, Paşinyan “rəqiblərindən bir neçə addım öndə olan lider” kimi təqdim olunsun.

Belə “artımı” əsaslandırmaq üçün ABŞ vitse-prezidenti Cey Di Vensin səfərinin və vəd edilən investisiya proqramlarının cəmiyyətə təsirindən istifadə etmək qərara alınıb. Bu saxta yanaşmanın məqsədi aydındır: əhali arasında ümidsizlik hissi aşılamaq”, - deyə KİV vurğulayıb.

Məqalədə qeyd olunur ki, “Onsuz da o qalib gələcək” tezisi kütləvi laqeydliyi təşviq etməyə və vətəndaşları seçkilərdə iştirakdan çəkindirməyə hesablanıb ki, bu da hakimiyyətə minimal dəstəklə belə mövqelərini qorumağa imkan versin.

“Past” eyni zamanda sorğunun dərc olunmuş nəticələrində də narahatedici meyillərin göründüyünü bildirir.

“Beynəlxalq Respublikaçılar İnstitutu nəhayət sorğu nəticələrini dərc etdi və burada hakimiyyət üçün rəqəmlərin şişirdildiyi dərhal diqqət çəkirdi. Həftələrdir məlum idi ki, ABŞ hökumətinə bağlı qurum Ermənistanda sorğular aparıb, lakin onları dərc etmir.

Mətbuatda hakimiyyətin sorğu nəticələrinin öz xeyrinə şişirdilmiş formada açıqlanmasına çalışdığı barədə məlumatlar yayılmışdı və buna görə də “Vətəndaş Müqaviləsi”nə verilən yüksək, müxalifətə verilən aşağı faizlər ciddi qəbul olunmamalıdır”, - deyə müəllif yazıb.

Məqalədə həmin sorğudan belə bir fakt da gətirilir: “Əgər parlament seçkiləri gələn bazar keçirilsəydi, hansı siyasi partiyaya və ya ittifaqa səs verərdiniz?” sualına respondentlərin 5 faizi bülleteni korlayacağını, 8 faizi səsvermədə iştirak etməyəcəyini bildirib, 30 faizi qərarsız olduğunu və ya cavab verməkdə çətinlik çəkdiyini deyib, daha 9 faiz isə cavab verməkdən imtina edib.

“Bu o deməkdir ki, respondentlərin 53 faizi ya heç bir seçimə malik deyil, ya da iştirak etmək istəmir. Sorğudan və onun nəticələrindən belə qənaətə gəlmək olar ki, insanlar məyus olublar və seçkiyə getmək istəmirlər. İnsanlar həm hakimiyyətdən, həm də müxalifətdən narazıdır, gələcəyə inam zəifləyib və bu da məhz hakimiyyətin maraqlarına uyğundur.

Yalnız seçkilərdə mümkün qədər az seçici iştirak edərsə, Paşinyan hakimiyyətinin özünü yenidən istehsal etməsi mümkün olacaq. Təsadüfi deyil ki, son dövrdə hakimiyyət məhz bu taktikanı seçib: ictimaiyyəti öz qələbəsinin qaçılmazlığına inandırmaq və insanları ruhdan salaraq seçkiyə getməkdən çəkindirmək”, - deyə məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, Paşinyanın əsas seçici bazasının 56 yaş və yuxarı insanlar olduğu görünür, halbuki gənclərin böyük hissəsi ona qarşı dərin narazılıq nümayiş etdirir.

“Lakin yaşlılar seçkilərdə daha fəal iştirak edən təbəqədir, gənclər isə bu məsələdə o qədər də aktiv deyillər və bu da müxalifəti daha ciddi işləməyə vadar etməlidir”, - deyə “Past” yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin