Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, erməni siyasi analitik Vardan Hakobyan deyib.
“Həmin şəxsin bütün addımları göstərir ki, onu hansı məqsədlə hakimiyyətə gətirmişdilərsə, o, bunu ardıcıl şəkildə həyata keçirir: Qarabağ məsələsi, “soyqırımı” (qondarma-red.) məsələsi, Ağrı dağının simvolundan imtina və s. Ermənistanın hazırkı hakimiyyəti onilliklər boyu Türkiyənin etdiyi işi daha sıx şəkildə həyata keçirir”, - deyə o qeyd edib.
Hakobyan bildirib ki, bu hakimiyyət heç nə qərarlaşdırmır, onlara deyiləni edir.
“Zəngəzur bölgəsini NATO dəhlizinə çevirmək planı həyata keçirilir. Nikol Paşinyan Avropa Parlamentində çıxışında Qərbi Azərbaycan proqramının təsdiqləndiyini elan etdi və bunu nəyin bahasına olursa-olsun reallaşdırmağa söz verdi.
Paşinyanın azərbaycanlıları həmin avtomobil marşrutu ilə Ermənistana gətirmək planını vaxtilə Heydər Əliyev, səhv etmirəmsə, 1982-ci ildə təklif etmişdi. Hörmətli vətəndaşlar, nə vaxta qədər gözlərinizə toz üfürəcəklər və siz də buna inanacaqsınız?”, - deyə o vurğulayıb.
Hakobyan deyib ki, insan güzəştə gedəndə öz “mən”ini itirir və qurbanlıq quzuya çevrilir.
“İndi bizim xalq bu yolla gedir. İranın indi etdiyi şey epik hadisədir. Mən bu gün İranın dözdüyü çətinliklərə dözməyə hazır olan başqa xalq tanımıram. Belə xalqları məğlub etmək mümkün deyil. İranlılar özlərini 3000 illik millət kimi aparırlar. İran həyatı bahasına özünü qoruyur. Bu, unikal hadisədir. Bu, ekzistensial, varlıq uğrunda mübarizədir.
İrana hakim olmaq enerji sistemlərinin infrastrukturuna nəzarət etmək deməkdir. Bu, çox böyük məsələdir. Əgər İran məğlub olsa, rusların itirəcəyi şeylər bu gün neftdən əldə etdikləri gəlirlərlə müqayisə edilə bilməz. Bəzi rus analitiklərinin bu müharibə nəticəsində Rusiyanın neft satışından böyük qazanc əldə edəcəyini deməsi gülüncdür. Neftin qiymətləri sabah tənzimlənəcək, amma əgər İran məsələsi həll olunsa, sabah növbə ruslara çatacaq”, - deyə o qeyd edib.
Erməni siyasi analitik bildirib ki, Paşinyanın hakimiyyətə gətirilməsi erməni xalqını xarakterizə etmir.
“Sadəcə plebs bizim milli özünüdərkini beynimizdən çıxarmağa çalışır. Təhsil və tarixlə bağlı edilənlər “ağ soyqırımıdır”. Əlbəttə, bu vəziyyət belə qalmayacaq, o da keçəcək, bulanıq su təmizlənəcək və saf mənbə qalacaq. Hər şey keçəcək, bu bəla da keçəcək, amma ağrılı tərəfi odur ki, yenidən dirçəlmək üçün materialımız daha az olacaq.
Saakaşvili, Paşinyan və Moldovanın “bədbəxti” eyni “uşaq bağçasında” tərbiyə olunublar”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az