Hazırlıqsız göz üçün qırıcı təyyarənin kanopisi sadəcə şəffaf bir qabarcıq kimi görünə bilər. Halbuki, reallıqda bu element mühəndislik baxımından yüksək riskli və mürəkkəb bir hissədir. Kanopi bir-biri ilə ziddiyyət təşkil edən tələblər arasında tarazlıq yaratmalıdır: görünüş sahəsi, aerodinamika, sağqalma qabiliyyəti və gizlilik.
Sadə izah qismən doğrudur: mahiyyət etibarilə kanopi pilotu əhatə edən şəffaf örtükdür və ona təyyarədən kənarı geniş bucaq altında görməyə imkan verir. Lakin bu örtük kəskin temperatur fərqləri, ultrabənövşəyi şüalanma, quş zərbələri və katapult oturacağı ilə tam uyğunluq da daxil olmaqla qırıcı təyyarənin istismarı zamanı yaranan bütün çətinliklərə dözməlidir. Təyyarənin digər hissələri kimi, kanopi də sadə başlanğıcdan bu gün istifadə olunan yüksək texnologiyalı konstruksiyalara qədər təkamül yolu keçib.
Təyyarə kanopiləri necə formalaşıb?
Birinci Dünya müharibəsi dövründə istifadə olunan ilk qırıcı təyyarələr ümumiyyətlə kanopiyə malik deyildi. Açıq kabinələr o dövrdə nisbətən aşağı sürətlə uçan təyyarələr üçün daha əlverişli idi və pilotlara maksimum müşahidə imkanı verirdi. Bununla yanaşı, açıq kabinə pilotu hava şəraitindən qorumur, yüksək hündürlüklərdə və əlverişsiz meteoroloji şəraitdə uçuşları son dərəcə çətin edirdi.
Təyyarələrin sürəti artdıqca ilk qapalı kanopilər meydana çıxmağa başladı. Bu, aerodinamik müqaviməti azaltdı, pilotun rahatlığını və dözümlülüyünü artırdı. Lakin erkən dövr fənərlərin də çatışmazlıqları var idi: onlar qalın çərçivəli idi, akril və pleksiqlas tipli materiallardan hazırlanırdı və çox vaxt pilotun görmə sahəsini məhdudlaşdırırdı.
İkinci Dünya müharibəsi dövründə hava döyüşləri əsas rol oynamağa başladı və arxa sektorun görünüşü pilotun həyatı üçün həlledici əhəmiyyət daşıdı. Güclü konstruksiyaya malik, lakin qalın çərçivəli kanopilər geniş “kor zonalar” yaradırdı və bu, yaxın məsafəli döyüşlərdə ciddi dezavantaj idi. Məhz bu səbəbdən arxa və yan görünüşü yaxşılaşdırmaq üçün “köpük formalı” kanopilər yaradıldı. Bu tip fənərlər əla görünüş təmin etsə də, məsələn, “Spitfire” və P-51 kimi təyyarələrdə istifadə olunan variantlar konstruktiv baxımdan mürəkkəb idi və istehsalı çətinlik yaradırdı.
Müasir kanopi Soyuq müharibə dövrünün məhsuludur
1940-cı illərin sonlarından 1950-ci illərə qədər reaktiv aviasiyanın inkişafı sürət və hündürlük hədlərini xeyli genişləndirdi. Kabinənin hermetikləşdirilməsi standart formaya çevrildi, kanopilər isə daha yüksək aerodinamik yüklərə davam gətirəcək şəkildə layihələndirildi. Bununla belə, sürət və möhkəmlik əsas prioritet olduğundan, fənərlər nisbətən kiçik və çərçivəli qalırdı, kabinələr isə dar olurdu. Həmin dövrdə əsas doktrina önləmə tapşırıqlarına yönəldiyindən, görünüş həmişə birinci planda deyildi.
Lakin hava döyüşlərinin əhəmiyyəti ilə bağlı əldə olunan təcrübə vizual müşahidənin və manevr qabiliyyətinin vacibliyini yenidən ön plana çıxardı. Bu isə pilotun ətrafı aydın görə biləcəyi kanopi tələb edirdi. 1960-1970-ci illərdə bəzi qırıcı təyyarələrdə daha geniş görünüş sahəsi verən “köpük” formalı fənərlər tətbiq olunmağa başladı. Eyni zamanda quş zərbələri və uçuş zamanı dağıntıların yaratdığı risklər daha sərt tələblər formalaşdırdı, nəticədə daha qalın və möhkəm şəffaf materiallardan istifadə edildi. Uçuşların müddəti və hündürlüyü artdıqca, hava şəraitindən asılı olmayaraq sızdırmazlıq və iqlim nəzarəti də təkmilləşdirildi. Ən vacib məqamlardan biri isə yüksək sürətlərdə etibarlı katapult edilməni təmin edən fənər atma mexanizmlərinin inkişafı oldu.
F-16 “Fighting Falcon” müasir standartı müəyyənləşdirdi
F-16 qırıcısının bir hissədən ibarət “köpük” formalı kanopi pilotun görmə imkanlarını dizaynın əsas elementi kimi önə çıxardı və bu sahədə yeni standart yaratdı. Həmin dövrün digər təyyarələri, məsələn, F-14 və F-15 hələ də çərçivəli fənərlərdən istifadə edirdi, lakin onlar da əvvəlki nəsillərlə müqayisədə xeyli təkmilləşdirilmişdi. Burada oturacağın hündürlüyü, kabinənin planı və başüstü göstəricilərin (HUD) baxış xətti kimi insan faktorları nəzərə alınırdı.
Gizlilik texnologiyalarının inkişafı kanopilər ilə bağlı yeni problemlər yaratdı. Kanopilər radar siqnallarını əks etdirə bilər. Bu problemi azaltmaq üçün müasir fənərlərə adətən qızılı çalara malik nazik keçirici örtük tətbiq olunur və bu, kabinədən radara görünməni azaldır. Eyni zamanda kanopilər avionik sistemlərlə inteqrasiya olunur, başüstü göstəricilər, dəbilqəyə quraşdırılan displeylər və sensor birləşməsi inkişaf etdikcə “görünüş” anlayışı da dəyişir.
Bütün bunların nəticəsində müasir kanopilər konstruktiv baxımdan son dərəcə mürəkkəbdir və texniki xidmət baxımından daha tələbkardır. Örtüklər həssas və bahalıdır, təmizləmə və cızılma əməliyyat məsələsinə çevrilir. Buna baxmayaraq, müasir kanopilər pilotlara misilsiz xarici görünüş, daha yaxşı hermetiklik, rahatlıq və sağqalma qabiliyyəti təqdim edir, eyni zamanda təyyarənin aşkarlanma izlərini azaldır.
Dəyanət Ağalarlı
Ordu.az