Ordu.az xəbər verir ki, bunu Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu “Sabah” qəzetinə müsahibəsində deyib.
O, şirkətin istehsal gücünü həm kəmiyyət, həm də sürət baxımından iki dəfə artırdığını açıqlayıb.
Demiroğlu istehsalın miqyasının 2025-ci ilə qədər kəskin şəkildə artacağını bildirib.
“Gökbey” helikopterinin hazırda kütləvi istehsal xəttində olduğunu deyən Demiroğlu qeyd edib: “İndiyədək 3 ədəd istehsal etdik, üstəlik 4 prototip hazırladıq. İndi 26 ədəd istehsal edirik. Daha sonra 60 ədəd daha istehsal etməyi planlaşdırırıq. Yəni, üç-dörd ildə istehsal etdiyimiz ədədi artıq iki ayda istehsal edəcəyik. Bu, istehsalda çox ciddi artımdır”.
Yüngül hücum və təlim təyyarəsi “Hürkuş” üçün xətlərin dolu olduğunu vurğulayan Demiroğlu 2025-ci ildə 10 “Hürkuş”un təhvil verilməsinin planlaşdırıldığını bildirib.
Digər tərəfdən, reaktiv mühərrikli PUA olan “Anka-3” üçün də əhəmiyyətli bir hədd keçilib.
“İki prototipimizlə davam edirik. Gələn il 10 ədəd “Anka-3” istehsal etmək istəyirik. İlin sonuna qədər ilk tədarükləri həyata keçirmək niyyətindəyik”, - deyə Demiroğlu bildirib.
O qeyd edib ki, bu platforma da sürətlə yetkinləşir.
TUSAŞ-ın istehsal hədəflərinin təkcə Türkiyənin müdafiə ehtiyaclarına görə formalaşmadığını söyləyən Demiroğlu əlavə edib: “Bir məhsul istehsal edərkən, təkcə daxili bazarı deyil, ixrac potensialını da nəzərə alaraq hərəkət edirik. “Gökbey” üçün ən az 500 ədəd istehsal nəzərdə tuturuq. Təyyarələrdə də yüzlü rəqəmlərdən danışmaq lazımdır”.
Sevinc Əliyeva
Ordu.az