Türkiyə HDQ-nin “Gezgin” qanadlı raketi haqqında yeni təfərrüatlar məlum olub

2025/05/1746519848.jpg
Oxunub: 659     12:45     06 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığı son üç ili əhatə edən fəaliyyət hesabatında milli müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş kritik inkişafları ictimaiyyətlə paylaşıb.

Ordu.az xəbər verir ki, hesabatda diqqət çəkən məqamlardan biri də “Gezgin” Milli Birgə Qanadlı Raketi layihəsində əldə edilən irəliləyiş olub.

Türkiyə HDQ-nin bəyanatında qeyd edilib: “Kritik quru hədəflərinə qarşı uzun mənzilli və dərinlikdən hücum qabiliyyəti təmin edəcək “Gezgin” Milli Birgə Qanadlı Raketinin tədarükü çərçivəsində TÜBİTAK tərəfindən hazırlanan və istehsal edilən Sualtı Qayıq Sınaq İnfrastrukturundan (DATA) istifadə edilərək, Aksazda “Kapsüllü Gezgin” Kütləvi Ekvivalent Atışları uğurla həyata keçirilib”.

Bu açıqlama göstərir ki, Türkiyə sualtı qayıqlardan qanadlı raketlər buraxmaq qabiliyyətini sınaqdan keçirməkdə mühüm həddi keçib.

Xüsusilə, DATA platformasının aktivləşdirilməsi bu cür raketlərin sualtı mühitdə təhlükəsiz və effektiv sınaqdan keçirilməsinə imkan verir.

Hesabatda “Gezgin” raketinin Milli Şaquli Buraxılış Sistemi (MİDLAS) ilə inteqrasiya prosesinə dair məlumatlar da yer alıb: “G/M-in Milli Şaquli Buraxılış Sistemi (MİDLAS) uyğunlaşdırma işləri davam edir”.

Bu proses başa çatdıqdan sonra “Gezgin” qanadlı raketi Türkiyə HDQ-yə məxsus MİDLAS ilə təchiz edilmiş suüstü platformalardan atılacaq.

Beləliklə, Türkiyə Silahlı Qüvvələri həm sualtı qayıqlardan, həm də döyüş gəmilərindən uzun mənzilli, yüksək dəqiqlikli zərbə qabiliyyəti əldə etmiş olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Gezgin  


Bizi "telegram"da izləyin