Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın hesabatında qeyd edilib.
Hesabatda deyilir ki, ABŞ ordusu, əsasən, Rusiya-Ukrayna müharibəsinin təcrübəsindən istifadə edərək, hər bir diviziyanı 1000-ə yaxın PUA ilə gücləndirmək və köhnəlmiş avadanlıqları aradan qaldırmaq məqsədilə genişmiqyaslı yenidən silahlanma prosesinə başlayıb.
Məlumata görə, planın birinci mərhələsində 10 diviziya PUA-lar ilə təchiz olunacaq ki, bu da onlara kəşfiyyat və hücum əməliyyatları həyata keçirməyə və cəbhədə döyüş sursatı logistikasını təmin etməyə imkan verəcək.
ABŞ-nin 2-ci Süvari Alayının komandiri, polkovnik Donald Nil “Wall Street Journal”a açıqlamasında deyib: “Biz PUA-lardan necə istifadə edəcəyimizi, onlarla necə mübarizə aparacağımızı, onları necə genişləndirəcəyimizi planlaşdırmağa çalışırıq.”
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Daniel Driskoll bildirib ki, ilk üç briqada artıq bəzi yeni insansız sistemlərlə təchiz olunub və qalan bölmələrin transformasiyasının iki il çəkəcəyi gözlənilir.
Rəsmilərin fikrincə, yaxın 5 il ərzində ordunun modernləşdirilməsinin ümumi dəyəri 36 milyard dollar təşkil edəcək. Ordu bu pulu müdafiə büdcəsini artırmadan, bəzi köhnəlmiş silahları və digər sistemləri istismardan çıxarmaqla əldə etməyi planlaşdırır.
Yenidən silahlanma proqramını maliyyələşdirmək üçün ABŞ ordusu HMMWV-lərin, JLTV-lərin və yüngül taktiki zirehli vasitələrin alışını dayandıracaq.
Sevinc Əliyeva
Ordu.az