STM: Estoniya kiberhücumların yeni bazasıdır

2025/02/1738992111.jpg
Oxunub: 565     16:20     10 Fevral 2025    
Türkiyənin STM şirkəti yeni açıqladığı Kiber Təhdid Vəziyyəti Hesabatında mobil tətbiqlər vasitəsilə həyata keçirilən kiberhücumları araşdırıb.

Ordu.az xəbər verir ki, təhlükəsiz mühitlərdə kritik məlumatların saxlanmasının kiber hücumlara yol açdığını vurğulayan STM həssas məlumatların aydın mətndən çox güclü şifrələmə alqoritmləri ilə qorunmasının lazım olduğuna diqqət çəkib.

Türkiyədə kibertəhlükəsizlik sahəsində mühüm layihələrə və yerli məhsullara imza atan STM-in Texnoloji Düşüncə Mərkəzi “ThinkTech” 2024-cü ilin oktyabr-noyabr-dekabr aylarını əhatə edən yeni Kiber Təhdid Vəziyyəti Hesabatını açıqlayıb.

STM-nin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən kibertəhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə hazırlanan hesabatda 8 fərqli mövzu yer alır.

STM-in özünün “Honeypot” sensorlarından əldə edilən məlumatlar dünyada ən çox kiberhücumlara məruz qalan ölkələri də açıqlayıb.

2024-cü ilin oktyabr-noyabr-dekabr ayları ərzində STM-in “Honeypot” serverlərində ümumilikdə 1 milyon 551 min hücum əks olunub.

Ən çox hücum həyata keçirən ölkə 270 min hücumla Estoniya olub, Bolqarıstan isə 248 min hücumla ikinci yerdə qərarlaşıb.

Bu ölkələri müvafiq olaraq Rusiya, Rumıniya, ABŞ, Hindistan, Niderland, Boliviya, İran və Misir izləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM  


Bizi "telegram"da izləyin