İrandan yeni PUA: “Shahed 149 Gaza” (ƏTRAFLI)

2025/01/1738317603.jpg
Oxunub: 884     13:57     31 Yanvar 2025    
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələri “Shahed 149 Gaza” adlı yeni Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

İranın cənubunda keçirilən hərbi təlim zamanı təqdim edilən PUA-nın Süni Zəka (SZ) dəstəkli raketləri buraxma gücünə malik olduğu iddia edilib.

Qanadı 22 metr, maksimum qalxma çəkisi 3100 kq olan “Gaza” PUA-sı saatda 350 kilometr sürətə çata və 35 saat fasiləsiz uça bilir. İran mətbuatında yer alan məlumata görə, bu PUA təxminən 4000 kilometr mənzilə malikdir və eyni anda 13 ədəd “Sadid-345” tank əleyhinə raket daşıya bilir.


SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri bildirib ki, İran tərəfindən hazırlanan bu PUA qabaqcıl texnologiyaya malikdir: “Ölkəmizin qabaqcıl texnologiya ilə istehsal etdiyi bu PUA SZ dəstəkli raketləri buraxa bilir”.

İranın “SZ dəstəkli raket” anlayışı ilə nəyi nəzərdə tutduğu qaranlıq olaraq qalır.

Hədəf və Naviqasiya Sistemləri

“Gaza” PUA-sının Çinin “BeiDou” və ya Rusiyanın “Glonass” peyk naviqasiya sistemlərindən istifadə edəcəyi düşünülür. İranın bu sistemlər üçün 2021 və 2022-ci illərdə müqavilələr bağladığı bildirilərkən, bu texnologiya PUA-nın GPS sisteminə qoşulmadan işləməsinə şərait yaradır.

Tərsinə Mühəndislik və Müqayisələr

İran ABŞ-nin PUA texnologiyası üzərində həyata keçirdiyi tərsinə mühəndislik işi ilə tanınır. Ən diqqətçəkən nümunələrdən biri ABŞ-nin RQ-170 stels PUA-sı əsasında istehsal etdiyi “Shahed 171 Simorgh” modelidir. İran 2011-ci ildə ABŞ-yə məxsus RQ-170 PUA-sını vurduğunu iddia edib və hadisənin radioelektron mübarizə sistemləri ilə həyata keçirildiyi iddia edilib.

Yeni təqdim edilən “Gaza” PUA-sı “Shahed 149” adlanır və ABŞ istehsalı olan MQ-9 “Reaper” PUA-sına bənzəyir. ABŞ-də yerləşən “General Atomics” şirkəti tərəfindən inkişaf etdirilən MQ-9 “Reaper” İraq, Əfqanıstan, Pakistan və Yəməndəki əməliyyatlarda istifadə olunub, 1850 kilometr mənzilə, 27 saat havada qalma müddətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA   Shahed-149-Gazze  


Bizi "telegram"da izləyin