Ordu.az xəbər verir ki, C-UAS əməliyyatlarında istifadə edilmək üçün nəzərdə tutulan və “CANiK” M2 QCB ağır pulemyotu ilə təchiz edilən “Trakon” Uzaqdan İdarə Olunan Silah Sistemi (UİOSS) quru və dəniz missiyalarında müxtəlif növ PUA təhlükələrini zərərsizləşdirə biləcək.
Müxtəlif Döyüş İdarəetmə Sistemləri (CMS) ilə inteqrasiya üçün nəzərdə tutulmuş “Trakon” avtomatik hədəf izləmə, nişan planlaması və təkmil atəşə nəzarət sistemi kimi xüsusiyyətlər təklif edir. Bu xüsusiyyətlər sistemə dinamik və mürəkkəb mühitlərdə tez və dəqiq cavab verməyə imkan verir.
Mövzu ilə bağlı açıqlamasında “Unirobotics” baş direktoru Ömür Baç bildirib ki, dünyada göz ardı edilə bilməyən bir təhlükə halına gələn PUA-lara qarşı hazırlanmış C-UAS həlli “Trakon” UİOSS ilə effektiv işləyir. İnsansız hava və dəniz platformalarını zərərsizləşdirmək qabiliyyətini uğurla nümayiş etdirdiyini vurğulayan Baç deyib:
“Həllərimizi inkişaf etdirərkən, döyüş meydanında son istifadəçilərin ehtiyaclarını diqqətlə dinləyir və bu ehtiyacları yaxından izləyərək, yenilikçi həllər istehsal edirik. Qrup daxilində “Unirobotics” və “CANiK”in səlahiyyətləri bir-birini tamamlamaq üçün nəzərdə tutulub. Bu kontekstdə dünyanın ən aşağı dispersiyasına malik 12,7x99 mm ağır pulemyotu olan “CANiK” M2 QCB ilə təchiz edilən “Trakon” UİOSS üstün stabilizasiyası, atəşə nəzarət sistemi və elektro-optik infrastrukturu ilə bütün rəqiblərinə qarşı ciddi fərq yaradır. “Unirobotics” müdafiə sənayemizdə yüksək texnologiyalar sahəsində mühüm mövqeyə malikdir, dost və müttəfiq ölkələrin, xüsusilə də ölkəmizin müdafiə ehtiyaclarını qarşılayacaq qabaqcıl texnologiya həlləri hazırlamağa davam edəcək”.
Sevinc Əliyeva
Ordu.az