“Bayraktar TB1”dən Uğura İlk Addım:
Türkiyənin ilk taktiki PUA-sı olan “Bayraktar TB1” kəşfiyyat və müşahidə missiyalarına fokuslanıb və texnoloji infrastrukturun əsasını təşkil edib. “Baykar”ın mühəndislik bacarığını avtonom uçuş qabiliyyəti ilə nümayiş etdirən TB1 daha təkmil sistemlərə yol açdı.
“Bayraktar TB2”: Dünyada Tanınan Uğur
“Bayraktar TB2” lazerlə idarə olunan döyüş sursatları və üstün proqram infrastrukturu ilə 34 ölkənin inventarına daxil oldu. Suriya, Liviya və Azərbaycan (Qarabağ) kimi bölgələrdəki performansı ilə fərq yaradan TB2 Türkiyənin müdafiə sənayesindəki gücünü daha da artırıb.
“Bayraktar TB3” və Dənizlərdə Yeni Dövr
Qatlana bilən qanad dizaynı ilə aviadaşıyıcı gəmilər üçün optimallaşdırılan TB3 TCG “Anadolu” gəmisi ilə inteqrasiyası sayəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) bənzərsiz bir üstünlük təqdim edir. TB3 Türkiyə müdafiə sənayesində yeni nəsil hava və dəniz əməliyyatlarının pionerinə çevrilmək yolundadır.
TCG “Anadolu”: PUA Gəmisi Konsepsiyası
Dünyanın ilk PUA gəmisi ünvanına sahib olan TCG “Anadolu” “Bayraktar TB3” və gələcəkdə “Kızılelma” kimi qabaqcıl PUA-larla Türkiyə HDQ-nin çəkindiriciliyini artırır.
“Baykar” innovasiya yönümlü yanaşması ilə texnoloji müstəqilliyi təcəssüm etdirərkən, Türkiyəni qlobal müdafiə bazarında güclü oyunçuya çevirdi. Əslində biz bu məqaləni redaktə edərkən, “Baykar”dan daha üç diqqətçəkən xəbər gəldi...
- “Baykar” İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar tərəfindən qurulan “Fergani Uzay”ın milli olaraq hazırladığı FGN-100-d1 peyki 2025-ci il yanvarın 14-də Türkiyə vaxtı ilə saat 22:09-da ABŞ-nin Vandenberq Kosmik Qüvvələri bazasından kosmosa buraxılıb. Beləliklə, “Fergani Uzay” tərəfindən həyata keçirilən Yerləşdirmə Bürc Layihəsinin ilk addımı uğurla atıldı.
- Qısa uçuş-enmə zolağına malik gəmidən qalxma-enmə icra edən ilk PUA olan “Bayraktar TB3” dünya aviasiya tarixində bir yenilik etdi və MAM-T sursatları ilə ilk atış sınağında hədəfi dəqiqliklə vurdu.
- Milli pilotsuz döyüş təyyarəsinin istehsal prototipi olan TC-ÖZB3 bort nömrəli “Bayraktar Kızılelma PT-3” Tekirdağ vilayətinin Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzində növbəti uçuş sınağını uğurla başa vurdu. Sınaq zamanı həyata keçirilən sistem identifikasiyası fəaliyyətləri də uğurla tamamlandı.
Sevinc Əliyeva
Ordu.az