“Hürjet” Milli Döyüş Təyyarəsi (MMU) “Kaan”a gedən yolda çox əhəmiyyətli bir dayanacaqdır. “Hürjet” reaktiv təlim təyyarəsi olsa da, yüksək performansı və sistemləri ilə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) və TUSAŞ üçün bir çox texnologiyanın sınaqdan keçirildiyi mühüm platformadır.
Təyyarə “General Electric” tərəfindən istehsal olunan F404 mühərrikindən istifadə edir. Bu yüksək performanslı mühərrik üçün havaya qalxma zamanı və ya havada səs sürətini aşmaq üçün “afterburner”dən istifadə olunur.
Əlavə yanma nədir?
Uzun illər “afterburner” kimi istifadə edilən bu ifadə tədricən aviasiya jarqonuna əlavə yanma kimi daxil olmağa başlayıb. Normalda reaktiv mühərrikin yaratdığı təkan eqzos sistemindən xaric edilir və təyyarə irəli doğru hərəkət edir. Bu itələmə mühərrikin ön hissəsindən alınan havanın içəridəki yanacaqla birlikdə yandırılması nəticəsində yaranır.
Əlavə yanma sistemi mühərrikdəki turbindən sonra yerləşir. Yanan hava yenidən yanacaqla birləşdirilir. Bir daha yanır. Beləliklə, mühərrikin itələmə gücü əhəmiyyətli dərəcədə artır. Kənardan baxdıqda bunu yanacaqdan sonra işə salındıqda eqzosdan çıxan alov axını kimi görmək mümkündür.
Ancaq bu proses zamanı yanacaq sərfiyyatı inanılmaz dərəcədə artır. Bu səbəbdən pilotlar havaya qalxma, havada “it davası” (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü-red.) zamanı və ya səs sürətini aşmaq üçün əlavə yanmadan istifadə edə bilərlər. Təbii ki, bu terminlər kifayət qədər ümumidir. Qeyd etmək yerinə düşər ki, əlavə yanma sisteminə sahib olsa da, ondan istifadə etmədən havaya qalxan və səs sürətindən yuxarı qalxan reaktiv təyyarələr də var.
“Hürjet” bu baxımdan əhəmiyyətli bir sınaq həyata keçirdi. Əlavə yanma ilə havaya qalxdı. Özünü sübut etmiş bir mühərrik olan F404-ün yeni platformada reaksiyaları və təyyarənin buna reaksiyası ölçüldü. Platforma və mühərrik baxımından çox əhəmiyyətli bir sınaq idi. Təbii ki, bundan əvvəl mühərrik dəfələrlə əlavə yanma ilə yerdə sınaqdan keçirilib.
“Go-around”
Sınağın ikinci hissəsində “Hürjet” uçuş-enmə zolağına yaxınlaşdıqdan sonra aviasiyada adi bir təcrübə olan “go-around” (təyyarənin son yaxınlaşma anında və ya uçuş zolağına toxunduqdan sonra enişini dayandırması və yenidən havaya qalxması-red.) sınağına daxil oldu. İki sınaq pilotunun idarə etdiyi “Hürjet” problemsiz “go-around” icra edərək havaya qalxıb.
Bir təyyarənin sınaqları yerdəki mühəndisliyin sübutu ola bilər, lakin hər saniyə çox vacibdir. Səyahətini böyük sürətlə davam etdirən “Hürjet”in qarşısında təxminən iki illik bir proses var.
TUSAŞ-ın hədəfi təyyarəni 2025-ci ilə qədər hazır vəziyyətə gətirmək və Türkiyə HHQ-yə təhvil verməkdir.
Sevinc Əliyeva
Ordu.az