Aprel döyüşlərinin ildönümü ilə əlaqədar şəhidlərimizin məzarları ziyarət olunub

2019/04/45768-3109056204.jpg
Oxunub: 26648     09:19     06 Aprel 2019    
Qarabağ qaziləri və Məşədi Dadaş məscidinin dini icması aprel şəhidlərinin xatirəsini yad ediblər.

Məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri nümayəndəsi hacı Şahin Həsənlinin iştirakı ilə icma üzvləri ikinci Fəxri xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib. Qarabağ qazisi Rövşən Quliyev, ehtiyatda olan polkovnik, qazi Elmar Hüseynov, qazilərimiz Rasim Ələkbərov, Hacı Əsgərov, Əkrəm Teymurov, Rafiq Əliyev, İlkin Ziyadov, Etibar Ağakişiyev, Rauf Quliyev, İkram Rəhimov, Eşqin Hüseynov, Yasin İsmayılov və Qurban Əliyev də ziyarətə qatılıblar. Məzarlar üzərinə əklil qoyulub, şəhidlərimizin ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub, ordumuzun qələbəsi üçün dualar edilib.


Şahin Həsənli çıxış edərək aprel döyüşlərində əldə olunan qələbəni strateji qələbə adlandırıb. Bildirib ki, mövqelərimizin azad olunması ilə ordumuzun yüksək döyüşkənlik ruhiyyəsi bir daha nümayiş olunub. Bu ruhiyyənin qorunması və Vətən sevgisi ölməz şəhidlərimizin sayəsində mümkün olur. Sonra ilahiyyatçı çıxış üçün sözü qazilərə verərək bildirib ki, qazilərimizin çıxışı gənclərimizə örnəkdir.

Vətən uğrunda daim canlarından keçməyə hazır olduqlarını bildirən qazilərimiz müharibə ilə bağlı xatirələrini bölüşüblər. Sonda şəhid Cəfərov Rövşənin anası ziyarətçilər qarşısında çıxış edərək şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açıb. Ananın ruhlandırıcı sözlərindən sonra “Şəhidlər ölməz! Vətən bölünməz!” şüarları səsləndirilib. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin