Ordu.az xəbər verir ki, tədbir iştirakçıları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfər ediblər. Səfərdə Təhsil nazirinin müavini Firudin Qurbanov, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin xatirəsi ehtiramla anıb. Abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib.

Daha sonra tədbir iştirakçıları aprel döyüşləri zamanı Azərbaycan ordusunun işğaldan azad etdiyi Cocuq Mərcanlı kəndinə gedərək ön cəbhədə xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.

Nümayəndə heyyəti daha sonra Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, həmçinin məktəbə idman avadanlıqları hədiyyə olunub.
Sonda tədbir iştirakçıları Horadiz şəhərində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.

Elgün Gəncimsoy
Ordu.az