“Tank canavarı”: “Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim”

2019/04/29939-1554377970.jpg
Oxunub: 20480     16:35     04 Aprel 2019    
“Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim və döyüş dayandırılandan, atəşkəs təmin ediləndən sonra hərbi hospitala müraciət etdim”.

Ordu.az xəbər verir ki, bu barədə aprel döyüşlərinin iştirakçısı, kapitan Mirdamət Bağıyev danışıb.

Aprel döyüşləri ilə bağlı xatirələrini paylaşan kapitan söyləyib ki, bir neçə günlük qarşıdurma zamanı düşmənin ümumilikdə 12 texnikasını məhv edib.

“Biz artıq gördük ki, düşmən özünü toplayıb, itirilmiş ərazilərin bərpası üçün hücuma keçmək istəyir. Bizim üzərimizə 9 tank gəlirdi. Mən yerdəyişmə ilə onları bir-bir vurdum. Bu tanklardan yeddisini məhv etdim, ikisi isə manevr edərək geri çəkildi. Düşmənin canlı qüvvə daşıyan 3 maşını, 1 BMP-si və 1 “Jeep”i olmaqla, ümumilikdə 12 texnikasını məhv elədik”, - deyə o əlavə edib.

Azərbaycan Ordusunun qüdrətini görən düşmənin əllərindəki silah-sursatı da ataraq qaçıb, geri çəkilməyə məcbur olduğunu söyləyən M. Bağıyev özünün yaralanması ilə bağlı maraqlı məlumatı çatdırıb.

“Ayın 2-si yaralanmağıma baxmayaraq döyüşü tərk etmək niyyətində deyildim. Çünki illərdir həsrətində olduğumuz torpaqlara girmişdik və irəliləyirdik. Nəinki məndə, bütün Azərbaycan Ordusunda qisas hissi var idi. Hamı ürəklə döyüşür, düşməni əzir, məhv edirdi. Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim və döyüş dayandırılandan, atəşkəs təmin edildikdən sonra hərbi hospitala müraciət etdim”, - deyə kapitan vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Talış   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin