Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.

Şəhidin anası Sehranə xanım ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Viləş kəndində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Nurlan Əsgərlinin də xatirəsi ehtiramla anılıb.
Nurlan Əsgərlinin boya-başa çatdığı Viləş kəndində keçirilən tədbirdən əvvəl Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhidin atası Bayram Əsgərovla görüşüb.
Anım mərasimində çıxış edənlər Nurlan Əsgərlinin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Nurlan Əsgərlinin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Camaləddin Əliyev və tələbələr Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Mərasimdə çıxış edənlər Azərbaycan əsgərinin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışaraq, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Şəhidin atası Bayram Əsgərov ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Anım mərasimi Viləş kəndində Aprel şəhidinin məzarının ziyarət olunması ilə başa çatıb (AzərTac).
Ordu.az