Əsgər Səmədov aprel döyüşləri zamanı ali təhsil ocaqlarının birində tələbə olub. Onun çağırış müddəti çatana qədər ən böyük arzusu Vətənə xidmətini məhz ön cəbhədə, işğaldan azad edilmiş ərazilərdə keçmək olub. Necə deyərlər, arzusuna çatan müsahibimiz Talış kəndi ətrafında yerləşən ərazilərə gəldikdən sonra özü ilə fəxr hissi keçirdiyini deyir.

“Aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bütün dünya ictimayyətinə bir daha sübut etdi. Məhz bu beş günlük döyüşlərdən sonra mənim də xidmət apardığım Talış kəndi ətrafı yüksəkliklər düşmən tapdağından azad edildi. Mən burada – şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqların keşiyində durduğuma görə fəxr edirəm. Əlbəttə, burada da qarşımızda düşmən dayanıb və onların da dayandığı torpaqlar bizim tarixi torpaqlarımızdır. Ancaq onların dayanmağının heç bir əhəmiyyəti yoxdur. Allahın iznilə növbəti döyüşlərdə biz onları qısa zaman ərzində o torpaqlardan çıxaracağıq. Lakin biz növbəti dəfə azad edəcəyimiz torpaqlarda səngər yox, hər tərəfində Azərbaycan bayrağı dalğalanan qala tikəcəyik və o qaladan o tərəfə bir qarış da olsun işğalda torpağımız qalmayacaq. Bu mənim ən böyük arzumdur. Mən bu arzuma çatmaq üçün canımdan belə keçməyə hazıram”, - deyə əsgər Səmədov bildirib.

Onun digər səngər yoldaşı da demək olar ki, Səmədovla eyni arzunu yaşayan əsgərlərdəndir. Fərqli rayonların sakinləri olsalar da, bir arzuları, bir istəkləri olub və həmin istəklər onları bir nöqtədə birləşdirib: “Aprel zəfərindən sonra azad edilmiş torpaqlarda qazılmış səngər. Əsgər yoldaşım doğru vurğuladı. Bizim o arzularımız bizim üçün ən müqəddəs arzudur. Daha doğrusu hər bir azərbaycanlının arzusudur. Bu arzumuza tezliklə çatacağıma heç bir şübhəm yoxdur. Çünki bizim güclü ordumuz, onun peşəkar komandanları var.

Mənim üçün xidmət apardığım bu səngərlərin xüsusi əhəmiyyəti var. Çünki bu səngəri zəfər çalan ordunun qəhrəman əsgərləri qazıb. Artıq aprel döyüşlərindən üç il ötür, azad olunmuş bu ərazilərdə düşmən postlarını da gördüm, ordumuzun qısa zaman ərzində qurub yaratdığı postları da. Ümumilikdə müqayisə olunmayacaq dərəcədə fərqlərimiz var. Onlar yenə də yeni qurduğu mövqelərdə şəraitsiz və nizam-intizamsız xidmət aparırlar. Çünki onlar dərk edirlər ki, durduqları torpaqlar özlərinə məxsus deyil. Gec-tez oranı da qoyub qaçacaqlar. Öz növbəmdə aprel döyüşləri zamanı əldə edilmiş qələbənin ildönümü münasibəti ilə bütün döyüşçü qardaşlarımı və komandirlərimi təbrik edirəm”.
Hər iki əsgər burada şəxsi heyyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün yaradılan şəraitdən çox razıdır. Təbii ki, bütün bunlara görə, yüksək komandanlığa öz təşəkkürlərini bildirirlər.
İgid əsgərlər kimi
Ordu.az kollektivi olaraq bizim də bir arzumuz var. Qarşıda olan düşməni əzərək işğalda olan torpaqlarımızı azad etmək...

Elgün Gəncimsoy
Ordu.az