Növbəti NATO sammiti 11-12 iyula planlaşdırılıb. Müttəfiq ölkələr arasında gərginlik yüksəkdir, NATO müşahidəçiləri özlərindən Brüsseldəki görüşün Kanadada G 7-nin baş tutan görüşündəki abu-havada keçib-keçməyəcəyini soruşur. Donald Trampın sazişlərə sadiq qalacağı yoxsa, müttəfiqlərini ittiham etməklə onları qeyri-müəyyənlikdə tərk edəcəyi aydın deyil.
Eləysə biz sammitdən nə gözləyə bilərik? Əlbəttə ki, Kremlin davranışı əsas mövzu olacaq. NATO Baş katibi Yens Stoltenberq bəyan edib: “Rusiya ilə dialoq asan deyil, lakin əlaqələrimiz nə qədər çətin olsa da, bizim dialoqa daha çox ehtiyacımız var”.
Alyansın avropalı üzvləri özlərinin şərq və cənub sərhədlərinə fokuslanarkən, Vaşinqton Brüsseldəki gündəminin zirvəsinə öz üzərinə düşən maliyyə yükünün daha ədalətli bölüşdürülməsini qoyacaq. Öz sələfləri kimi, Tramp da alyansaın üzvləri arasında müdafiə xərclərinin düzgün bölünməməsi üzərində israrla dayanır. Tramp 2017-ci ilin mayında NATO-nun iclasına qatıldı, lakin bu Brüssel administrasiyanın ilk rəsmi NATO sammiti olacaq. Tramp kampaniyası zamanı NATO-nu “köhnəlmiş” adlandırıb, rəhbərliyi dövründə də dəfələrlə ABŞ-ın öz müttəfiqlərindən müdafiə xərclərində nə gözlədiyini xatırladıb. NATO nizamnaməsinin 5-ci maddəsini qəti olaraq təsdiqləməməsi, müttəfiqlərinin ehtiyacı olduğu zamanı ABŞ-ın köməyə gəlib-gəlməyəcəyinə dair narahatlıqları artırıb.
Ötən ilin iyununda Almaniya kansleri Angela Merkel Avropanı öz müdafiə və təhlükəsizliyi üçün daha çox məsuliyyətin altına girməyə, eyni zamanda ABŞ-a olan arxayınlığı azaltmağa səsləyib. Başda Aİ üzvləri olmaqla Avropa ölkələri özlərinin müdafiə imkanlarını gücləndirib və buna davam edir. Bu isə NATO-nun Avropa qanadını daha güclü edəcək. Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (PESCO) təşəbbüsünün əsası qoyuldu. Bu və ya digər addımlar müntəzəm olaraq alyansa və ümumi müdafiəyə bağlılığını ifadə edən ABŞ Müdafiə naziri Ceyms Mettis tərəfindən qəbul edildi.
NATO-nun Müdafiə nazirləri iyunda bir araya gələrək sammitə hazırlığı müzakirə ediblər. Onlar, NATO-nun yeni təşəbbüsünün başladılmasına razılıq veriblər. Söhbət “dörd otuz”dan gedir. Bu təşəbbüsün məqsədi belə açıqlanır: 2020-ci ilə qədər 30 mexanikləşdirilmiş batalyon, 30 hava eskadrası və 30 döyüş vasitəsi 30 gün və ya daha az bir vaxtda potensial təcavüzə qarşı hazır olmalıdır. NATO-nun komandanlıq strukturundakı işçilərin sayı 1200-ə çatdırılacaq və biri ABŞ-ın Norfolk şəhərində, digəri Almaniyanın Ulm şəhərində olmaqla 2 yeni komandanlıq formalaşdırılacaq. Etibarlı çəkindirmə Brüsseldə çevik əngəllərə qarşı həll yollarının tapılmasını tələb edir. Eyni zamanda məsələn Rusiyanın NATO-ya qarşı təcavüzü zamanı Avropa daxilində silahların sürətli hərəkəti büroktratiya və infrastrukturun çatışmazlığından dolayı demək olar ki, mümkün deyil.
2014-cü il Krım müharibəsindən sonra NATO-nun avropalı üzvləri və Kanadanın hərbi xərcləri əhəmiyyətli dərəcədə (təqribən 45,8 milyard dollar artıb) yüksəlib. NATO-nun 2% tələbinə çox az sayda üzvün nail olmasına baxmayaraq, vəziyyət hər keçən gün daha da yaxşılaşır. Almaniya 2017-ci ildə müdafiə xərclərini 6% artırıb. Ən böyük artım isə Bolqarıstan, Rumıniya, Latviya və Litvada qeydə alınıb. Bunlar hamısı Buxarest doqquzluğunun (B9) üzvləridir.
B9 NATO daxilindəki regional qruplaşmadır. Bu ölkələr 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində alyansa daxil olublar, hamısı Mərkəzi və Şərqi Avropa dövlətləridir. Bu ölkələr tarixən Rusiyanı Qərbi Avropadan daha çox təhdid kimi qəbul edib. Polşadakı görüş zamanı onlar regionda NATO-nun qabiliyyətlərinin gücləndirilməsinə razılaşıblar. Bənzər şəkildə onlar 2016-cı il Varşava sammitindən əvvəl də birgə mövqedən çıxış etmişdilər və məhz bundan sonra regionun alyansın öhdəliklərinə möhkəm bağlı olduğu aydın oldu.
Həmin vaxt üç Baltik dövləti və Polşaya çoxmillətli batalyonların yerləşdirilməsinə razılıq verildi. Bununla yanaşı ABŞ Polşaya mobil briqada yerləşdirdi. Lakin Polşa artıq daha çoxunu istəyir və qarşılığında hətta illik ABŞ-a 2 milyard dollar ödəməyi də təklif edir. Bir çox digər NATO üzvü isə bu prosesə tənqidi yanaşır və onun Kremli provakasiya təşviq edəcəyini (daimi baza NATO-Rusiya Qurucu Qanununu poza bilər) düşünür. Polşa daxilində bəziləri pulun Polşa qüvvələrinin saxlanması və modernləşdirilməsi üçün daha yaxşı xərclənə biləcəyini iddia edir.
Gündəmdəki digər mövzu NATO-ya üzvlüyün daha da genişləndirilməsidir. Makedoniya və Yunanıstanın ad mübahisəsinə həll yolu tapmasından sonra Şimali Makedoniyanın NATO və Aİ-yə qoşulması üçün yol görünmüş oldu. B9 görüşünün kommunikesində buna da toxunulurdu. NATO ilə gələcək əməkdaşlıq qapıları Gürcüstan, Moldova, Ukrayna və qərbi Balkan dövlətləri üçün hələ də qapanmayıb.
Lakin Gürcüstan və Ukraynanın hətta Avropa təhlükəsizliyi üçün önəmli olmalarına baxmayaraq tezliklə qoşulacaqları bir az çətin kimi görünür. Gürcüstan ərazilərinin işğal altında olması və Ukraynanın ərazisində aktiv müharibənin davam etməsi, Krımın ilhaqı ilə NATO bu istiqamətdə genişlənməyə həvəsli olmayacaq.
Stoltenberq NATO üzvləri arasındakı müxtəlif fikirlərin onların kollektiv fəaliyyətə bağlılıqlarını zədələməyəcəyini bildirib. Lakin bu, o qədər də asan olmaya bilər. Avropalılar xoş niyyətə güvənmək istəmirlər və daha çox individual təşəbbüslərə üz tutacaqlar. “Washington Post” yeni çıxan yazılardan birində İsveç Baş naziri Stefan Löfven ilə Tramp arasında baş tutan görüş zamanı sonuncunun Löfvenə ABŞ-ın İsveçi üzvdən daha çox NATO-nun partnyoru kimi nəzərdən keçirə biləcəyini çatdırdığı iddia edilib.
Üstəlik Tramp Brüsseldə transatlantik müttəfiqlərini tərk edərək iyulun 16-da Helsinki şəhərində Vladimir Putinlə görüşməyi planlaşdırır. Ağ Evin nə qədər irəli getməyə hazır olduğu hələlik aydın deyil, lakin Tramp asanlıqla Kim Çen Ina güzəştə getdi, eynilə (iddialara görə) “Krım Rusiyanındır çünki, ordakı insanlar rusca danışırlar” deməsi kimi. Görünür transatlantik əlaqələr hələ bir müddət də gərgin olaraq qalacaq.
Ağalar Ağalarlı
Yazı
Ordu.az-a məxsusdur