Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Ordu.az-a verilən məlumata görə, 2018-ci ilin 01 iyul tarixində Cəlilabad rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub.
Belə ki, həmin tarixdə Cəlilabad rayonu ərazisində Cəlilabad-Göytəpə şosse yolunda sürücünün idarəetməni itirməsi və avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu zaman avtomobil yoldan keçən Göytəpə şəhər sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Əlisəfa oğlunu vurub, nəticədə piyada ciddi xəsarət alıb.
Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin “Ambulance” tibb avtomobili hərbi hissəyə qayıdarkən yol-qəza hadisəsinin baş verməsini müşahidə edib, dərhal hərbi həkim tərəfindən ilkin təcilli tibbi yardım göstərilib və piyada Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Nəticədə R.Əliyevin həyatını xilas etmək mümkün olub.
Ordu.az