Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Üçmüədzin şəhər sakini 26 yaşlı Qevorq Şahbazyan 2011-ci ildə işğal altında olan Qarabağın Füzuli rayonuna iş tapmaq məqsədilə gəlib.
Məlumata görə, hərbçilərlə yaxın münasibətdə olduğuna görə mütəmadi olaraq ön xətt mövqelərinə gedib. 2012-ci ildə postda pulemyot gülləsi tapan (mənbədə pulemyot gülləsi qeyd edilir-red.) Qevorq, onu təhlükəsiz yerə apararkən, partlayış nəticəsində çoxsaylı qəlpə yarası (sağ əl biləyi qopub, gözləri isə, bəzən tam görmür) alıb.
O, hüquqlarının bərpa olunacağına və müalicə imkanlarının yaxşılaşacağına ümid edir. Tək yaşayan və 3-cü qrup əlil olan Qevorq hazırda 16 min dram təqaüd alır.
Baş verənlərə etiraz edən erməni gənc, ona səhhətinə görə 3-cü qrup yox, 2-ci qrup əlillik verilməli olduğunu bildirir. O, əlillik dərəcəsinin artırılması ilə təqaüd həcminin artırılmasına deyil, müalicə imkanlarının genişləndirilməsinə çalışdığını qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az