NATO çərçivəsində İtaliyanın SAMP/T HHM sistemi Konyada yerləşdiriləcək

2026/06/1781632230.jpg
Oxunub: 285     21:48     16 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi NATO Daimi Müdafiə Planı çərçivəsində alyansın hava müdafiə imkanlarını gücləndirmək məqsədilə İtaliyaya məxsus bir ədəd SAMP/T hava və raketdən müdafiə sisteminin Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığında yerləşdiriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda yerləşdirmənin NATO-nun kollektiv müdafiə fəaliyyəti çərçivəsində həyata keçiriləcəyi və sistemin alyansın hava və raketdən müdafiə imkanlarına töhfə verməsinin hədəfləndiyi bildirilib.

Fransa və İtaliyanın birgə yaratdığı EUROSAM konsorsiumu tərəfindən hazırlanan SAMP/T (“Sol-Air Moyenne Portée/Terrestre”) qurudan yerləşdirilən orta və uzaq mənzilli hava və raketdən müdafiə sistemi kimi fəaliyyət göstərir.

MBDA Fransa, MBDA İtaliya və THALES tərəfindən birgə hazırlanmış sistem döyüş təyyarələri, qanadlı raketlər, pilotsuz uçuş aparatları, radiasiya əleyhinə raketlər, gəmi əleyhinə raketlər, eləcə də taktiki və qısamənzilli ballistik raketlərə qarşı nişanalma həyata keçirə bilir.

SAMP/T xüsusilə ballistik raketlərin qarşısının alınması imkanına malik olan Avropa mənşəli azsaylı sistemlərdən biri hesab olunur.

Sistem “Aster 15” və “Aster 30” hava hücumundan müdafiə raketlərindən istifadə edir. “Aster 15” raketinin mənzili 30 kilometrdən artıq olduğu halda, “Aster 30” raketinin qarşısınıalma məsafəsi 120 kilometrdən çoxdur.

“Aster 30” raketi eyni zamanda təxminən 20 kilometr hündürlükdə və “4,5 Mach” sürətinədək hədəflərə qarşı fəaliyyət göstərə bilir. Aktiv radar axtarış başlığı ilə təchiz edilən raket son mərhələdə hədəfi müstəqil şəkildə izləyərək məhv edir.

Bir SAMP/T batareyasının tərkibinə çoxfunksiyalı üçölçülü “Arabel” radarı, komanda-idarəetmə maşını və raket buraxılış qurğuları daxildir. Təxminən 100 kilometr məsafədə 360 dərəcə axtarış, aşkarlama və izləmə həyata keçirə bilən “Arabel” radarı eyni anda 100 hədəfi izləyə və onlardan 10-na paralel nişanalma həyata keçirə bilir.

Sistem strateji obyektlərin və hərbi birliklərin qorunması ilə yanaşı, 600 kilometrədək mənzilə malik taktiki və qısamənzilli ballistik raket təhdidlərinə qarşı da müdafiə təmin edir. İtaliya daha əvvəl də NATO-nun cənub cinahında hava müdafiəsi tədbirləri çərçivəsində SAMP/T sistemini Türkiyədə yerləşdirmişdi.

2016-cı il iyunun ayında İtaliyaya məxsus bir SAMP/T batareyası Suriyadan qaynaqlanan ballistik raket təhdidlərinə qarşı NATO missiyası çərçivəsində Türkiyəyə yerləşdirilmiş və Almaniyanın “Patriot” sistemlərini əvəz etmişdi.

Türkiyə Milli Müdafiə Nazirliyinin son açıqlaması ilə İtaliyanın SAMP/T sisteminin NATO Daimi Müdafiə Planı çərçivəsində yenidən Türkiyədə xidmət göstərəcəyi rəsmiləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   SAMP-T   Türkiyə  


Bizi "telegram"da izləyin