Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
ABŞ Milli Parklar Polisi bildirib ki, səhər saat 11:30 radələrində mümkün vandalizm faktı ilə bağlı məlumat daxil olub. Hadisə yerində çəmənliyin rənginin dəyişdirildiyi müəyyən edilib və bu dəyişiklik “8647” rəqəmləri formasını yaradıb.
“Yazının necə meydana gəldiyi hələ məlum deyil. Laborator müayinə üçün nümunələr götürülüb. Araşdırma davam edir”, - deyə polis açıqlamasında qeyd olunub.
“Reuters”in müxbiri tərəfindən Vaşinqton abidəsinin zirvəsindən çəkilmiş fotolarda İkinci Dünya müharibəsi memorialının fonunda çətin seçilən rəqəmlər görünür.
Ən aydın görünən rəqəm “8” olsa da, digər işarələr daha zəif seçilir. ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi hadisəni “qəbuledilməz vandalizm aktı” adlandırıb.
O bildirib ki, prezidentə qarşı yönələ biləcək hər hansı mümkün təhdid son dərəcə ciddi şəkildə araşdırılır.
“86 47” ifadəsinin dəqiq mənası rəsmi şəkildə müəyyən edilməyib. ABŞ mediası qeyd edir ki, danışıq ingiliscəsində “86” ifadəsi “aradan qaldırmaq” və ya “uzaqlaşdırmaq” mənalarında işlənə bilər.
Lakin siyasi kontekstdə bu ifadənin necə şərh olunması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ağ Ev isə bəyan edib ki, siyasi zorakılığın hər hansı forması və onun simvolik şəkildə təşviq olunması qəbuledilməzdir və qəti şəkildə pislənməlidir.
Bəyanatda hadisənin tam və hərtərəfli araşdırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, yazının aşkarlandığı Milli Mall ABŞ paytaxtının əsas ictimai məkanlarından biri olmaqla yanaşı, rəsmi tədbirlərin və anım mərasimlərinin keçirildiyi mərkəzi ərazi hesab olunur.
Sevinc Əliyeva
Ordu.az