Orbanın gedişindən sonra Macarıstan hakimiyyəti ictimai medianı islah edir

2026/06/1781350740.jpg
Oxunub: 274     15:36     13 İyun 2026    
Macarıstanda hakim “Tisa” Partiyası ictimai media sisteminin genişmiqyaslı islahatını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə ölkədaxili və xarici tənqidçilər ictimai media qurumlarını faktiki olaraq hökumətin təbliğat vasitəsi adlandırırdılar.

Media sektorunun islahatı Baş nazir Peter Macarın və apreldə keçirilən seçkilərdə qələbə qazandıqdan sonra hakimiyyətə gələn partiyasının əsas seçki vədlərindən biri olub.

“Tisa” Partiyasının əldə etdiyi konstitusion çoxluq ona əvvəlki media islahatlarını yenidən nəzərdən keçirmək imkanı verir. Orbanın siyasi rəqibləri həmin dəyişiklikləri demokratik institutları zəiflədən addımlar kimi qiymətləndirirdilər.

Qanun layihəsinə əsasən, əsas məqsəd müstəqil, şəffaf və hesabatlı ictimai yayım sisteminin bərpasıdır. Sənəd MTVA media holdinqinin yenidən təşkilini nəzərdə tutur.

Plana görə, qurum radio və televiziya yayımı üzrə ayrıca strukturlara bölünəcək, MTI isə müstəqil milli xəbər agentliyi kimi yenidən fəaliyyət göstərəcək.

Bundan başqa, ictimai medianın müstəqilliyini qorumaq, fəaliyyətini və maliyyələşməsini nəzarətdə saxlamaq üçün müstəqil komitənin yaradılması təklif olunur.

Komitə rəhbər şəxslərin təyinatı prosesində də iştirak edəcək. Qurumun hökumət, müxalifət və media sektorunun müstəqil nümayəndələrinin bərabər təmsilçiliyi prinsipi əsasında formalaşdırılması planlaşdırılır.

Həmçinin ictimai yayım prinsiplərinə əməl olunmasına nəzarət edəcək İctimai Media Şurasının yaradılması nəzərdə tutulur. İslahatların bir hissəsi Milli Media Administrasiyası yanında fəaliyyət göstərən Media Şurasına da şamil olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macarıstan   Macar  


Bizi "telegram"da izləyin