Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Generalın açıqlaması general-mayor Qolaməli Rəşidin və onun oğlu Əmin Abbas Rəşidin ölümünün ildönümü münasibətilə ünvanladığı müraciətdə yer alıb.
Anım mərasimi Dezful şəhərində keçirilib.
Abdollahi bildirib ki, dünya tezliklə İranın qələbəsinin və “təcavüzkar, terrorçu düşmən”ə qarşı müqavimət yürüşünün əks-sədasını eşidəcək.
O qeyd edib ki, İranın Ali Rəhbəri Əli Xameneyinin qərarı ilə 2016-cı ildə “Xatəm əl-Ənbiya” qərargahının rəhbəri təyin olunan Qolaməli Rəşid ömrünün sonuna qədər həmin vəzifədə çalışıb.
Rəşid və oğlu 2025-ci il iyunun 13-də İsrailin İrana endirdiyi zərbələr nəticəsində həlak olublar. Abdollahi vurğulayıb ki, ağır itkiyə baxmayaraq, general Rəşidin ölümü İranın çəkindirmə gücünü və milli qüdrətini nümayiş etdirib.
Onun sözlərinə görə, düşmən hərbi rəhbərləri aradan götürməklə İranın müdafiə qabiliyyətini zəiflətməyə çalışsa da, onların qoyub getdiyi bilik və strateji düşüncə irsini nəzərə almayıb.
General bildirib ki, İran Silahlı Qüvvələri əvvəlcədən müəyyən edilmiş strategiya əsasında fəaliyyətini davam etdirir və hibrid, eləcə də koqnitiv müharibələrə qarşı mübarizə aparır.
O əlavə edib ki, İranın müdafiəsi quruda, havada və dənizdə təmin olunur.
Abdollahi həmçinin xalqın dəstəyinin ordunun əsas dayaqlarından biri olaraq qaldığını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az