ABŞ İranla razılaşma hazırlığı barədə açıqlaması ilə İsraili təəccübləndirib

2026/06/1781341408.jpg
Oxunub: 287     13:05     13 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində İranla razılaşmanın yaxın günlərdə imzalana biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tramp danışıq zamanı “Bu, razılaşmadır. Bu, əla razılaşmadır və bu müharibəni bitirməyin vaxtıdır” ifadələrini işlədib.

Amerikalı rəsmilərin bildirdiyinə görə, bu açıqlama İsrail rəhbərliyi üçün gözlənilməz olub. Çünki İsrail İran əleyhinə həyata keçirilən hərbi kampaniyadan fərqli nəticələr gözləyirdi.

Məlumata əsasən, Netanyahu söhbət zamanı kəskin etiraz etməyib və danışıqlar prosesini dayandıra bilməyəcəyini qəbul edib.

“Axios”un məlumatına görə, İsrail daha əvvəl İranın enerji və infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr endirməyi planlaşdırsa da, bu planlar Tramp administrasiyası tərəfindən dayandırılıb.

Nəşr qeyd edir ki, İsrail hakimiyyəti mümkün razılaşmanın İran və onun regional müttəfiqlərinə, o cümlədən Livandakı “Hizbullah” təşkilatına qarşı fəaliyyət azadlığını məhdudlaşdıra biləcəyindən narahatdır.

Vaşinqton isə tərəflərin koordinasiyalı şəkildə hərəkət etməsini və əldə olunacaq razılaşmalara əməl olunmasını gözlədiyini bəyan edib.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ABŞ öz maraqları əsasında hərəkət edir, lakin İsrail İranın nüvə proqramı və raket potensialı ilə bağlı əsas prinsiplərin qorunacağına ümid edir.

ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi isə bildirib: “Əminik ki, sonda İsrail bu prosesi dəstəkləyəcək”.

Mənbələrin sözlərinə görə, danışıqlar hələ yekunlaşmasa da, tərəflər mümkün razılaşmanın əldə olunma ehtimalını yüksək qiymətləndirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin