Roma Papası texniki nasazlıq səbəbindən Vatikana İspaniya kralının təyyarəsi ilə qayıdıb

2026/06/1781341303.jpg
Oxunub: 265     13:00     13 İyun 2026    
Roma Papası XIV Leo öz təyyarəsində yaranmış texniki problem səbəbindən Vatikana İspaniya kralı VI Filippin təyyarəsi ilə qayıdıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Roma Papasının İspaniyaya bir həftəlik pastoral səfərinin sonunda, Tenerife adasında baş verib.

Papa artıq “Iberia” aviaşirkətinə məxsus təyyarəyə minərək kral və rəsmi şəxslərlə vidalaşsa da, qısa müddət sonra texniki nasazlıq səbəbindən təyyarəni tərk etməli olub.

Ekipaj yaranmış problemin qısa müddətdə aradan qaldırılmasının mümkün olmadığını bildirib.

Bundan sonra İspaniya hakimiyyəti alternativ həll yolu taparaq Papa və nümayəndə heyətinin bir hissəsi üçün kral ailəsinin istifadə etdiyi hərbi təyyarəni ayırıb.

İspaniya hökumətinin açıqlamasında bildirilib ki, kralın istifadə etdiyi hərbi təyyarə Roma Papasını və nümayəndə heyətinin üzvlərini Romaya çatdıracaq.

Nümayəndə heyətinin digər üzvləri və jurnalistlər isə Madriddən göndərilən başqa reyslə Romaya yola düşəcəklər.

“Iberia” şirkəti gecikmənin texniki nasazlıqla bağlı olduğunu və sərnişinlərin daşınması üçün dərhal ehtiyat təyyarə ayrıldığını açıqlayıb.

Bildirilir ki, İspaniya hökuməti, kral sarayı və aviaşirkətin koordinasiyalı fəaliyyəti nəticəsində problem qısa müddətdə həll olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   İspaniya   Vatikan  


Bizi "telegram"da izləyin