Ağ Ev yaxınlığında yaralanan şəxs ABŞ hərbçisi olub

2026/06/1781341151.jpg
Oxunub: 278     12:58     13 İyun 2026    
Ötən ay Ağ Ev yaxınlığında baş verən atışma zamanı yaralanan şəxsin ABŞ ordusunun hərbi qulluqçusu olduğu məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, 25 yaşlı Benjamin Del Real hadisə zamanı güllə yarası alıb, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Onun vəkili Cozef Mörfi bildirib ki, Del Real tədricən sağalır və hazırda reabilitasiya mərhələsindədir.

“Clifford Law Offices” hüquq şirkətinin nümayəndələri qeyd ediblər ki, Del Real ABŞ ordusunda birinci dərəcəli əsgər rütbəsində xidmət edir və təxminən üç ildir hərbi xidmətdədir.

Məlumata görə, o, Fort Braqq bazasında xüsusi təyinatlı bölmə üzrə hazırlıq keçirdi.

Hadisə mayın 23-də Vaşinqtonda Ağ Evin keçid məntəqələrindən birinin yaxınlığında baş verib.

Polisin məlumatına əsasən, silahlı şəxs ABŞ Məxfi Xidmətinin əməkdaşlarına yaxınlaşaraq atəş açıb. Hücum edən 21 yaşlı Nasir Best cavab atəşi nəticəsində hadisə yerində öldürülüb.

Məhkəmə sənədlərində qeyd olunur ki, Best daha əvvəl də Ağ Evin ərazisinə daxil olmağa cəhd edib və həmin vaxt saxlanılaraq özünü İsa Məsih adlandırıb. Bununla belə, Benjamin Del Realın hansı şəraitdə yaralandığı hələ tam müəyyənləşdirilməyib.

Bəzi yerli media orqanlarının məlumatına görə, onun Məxfi Xidmət əməkdaşlarının cavab atəşi nəticəsində yaralanmış ola biləcəyi ehtimal edilir. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Kolumbiya Dairəsinin səlahiyyətli qurumları bildiriblər ki, ballistik ekspertiza hələ başa çatmayıb və yaralanmaya səbəb olan güllənin hansı silahdan açıldığı müəyyən edilməyib.

İstintaq paytaxt polisinin daxili araşdırmalar bölməsi tərəfindən aparılır və materiallar daha sonra ABŞ prokurorluğuna təqdim olunacaq. Zərərçəkmişin maraqlarını təmsil edən hüquq şirkəti də hadisə ilə bağlı ayrıca araşdırma apardığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin