NYP: ABŞ və İran arasında danışıqlar dondurulmuş 6 milyard dollar səbəbindən dalana dirənib

2026/05/1779823810.jpg
Oxunub: 347     19:06     30 May 2026    
ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu üzrə aparılan danışıqlarda həll olunmamış əsas məsələlərdən biri 2023-cü ildə məhbus mübadiləsindən sonra Qətərdə yerləşdirilən təxminən 6 milyard dollar İran vəsaitinin mümkün şəkildə blokdan çıxarılmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.

Nəşrin istinad etdiyi ABŞ rəsmisi bildirib ki, həmin vəsaitlər mərhələli şəkildə sərbəst buraxıla və ərzaq məhsulları ilə dərmanların alınmasına yönəldilə bilər.

Eyni zamanda, onun sözlərinə görə, bu vəsaitlərdən istifadə İranın bir sıra şərtləri yerinə yetirməsindən, o cümlədən Hörmüz boğazının açılması və minalardan təmizlənməsindən asılı olacaq.

Məlum deyil ki, bu şərtlər ABŞ-nin rəsmi mövqeyini əks etdirir, yoxsa müzakirə olunan saziş layihəsinin elementləridir.

Həmin vəsaitlər ilkin olaraq 2023-cü ildə Co Bayden administrasiyası tərəfindən ABŞ və İran arasında məhbus mübadiləsi razılaşması çərçivəsində blokdan çıxarılmış və Cənubi Koreyadan Qətərdəki hesablara köçürülmüşdü.

Lakin 2023-cü ilin oktyabrında HƏMAS qruplaşmasının İsrailə hücumundan və Qəzza zolağında müharibənin başlamasından sonra həmin vəsaitlərə çıxış yenidən dondurulub.

Mənbələrin məlumatına görə, danışıqlar hələ də yekunlaşmayıb.

ABŞ Prezidenti Donald Tramp son müzakirələrin Ağ Evin Situasiya Otağında aparıldığını bildirib.

Daha sonra administrasiya nümayəndəsi görüşün yekun qərar qəbul edilmədən başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, sazişin razılaşdırılması başa çatmaq üzrə olsa da, İran vəsaitləri də daxil olmaqla bəzi məsələlər üzrə əlavə razılaşdırmalar tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin