Ordu.az xəbər verir ki, Vens bu barədə Ağ Evdə keçirdiyi gündəlik brifinqdə danışıb.
“Tanqo üçün iki tərəf lazımdır. İranın nüvə silahı əldə etməsinə imkan verəcək heç bir razılaşmanı qəbul etməyəcəyik”, - deyə Vens qeyd edib.
O bildirib ki, Tramp ABŞ-nin lazım gəldiyi halda güc tətbiq etməyə hazır olduğunu açıq şəkildə bəyan edib.
“Prezident mənə indicə dedi ki, biz döyüşə hazırıq. Bu yolla getmək istəmirik. Amma lazım olsa, prezident bu addımı atmağa həm hazırdır, həm də qadirdir”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.
Vensin sözlərinə görə, ABŞ administrasiyası hadisələrin inkişafı üçün iki variant nəzərdən keçirir: ya İranın nüvə silahı əldə etməsini birdəfəlik istisna edən razılaşma, ya da ABŞ-nin hərbi əməliyyatları yenidən başlaması.
“Biz hesab edirik ki, iranlılar razılaşma əldə etmək istəyirlər. ABŞ prezidenti bizə vicdanlı şəkildə danışıqlar aparmaq tapşırığı verib və biz də bunu edirik”, - deyə o bildirib.
Bununla yanaşı, Vens diplomatiyanın Trampın əsas tələbi, yəni Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə ziddiyyət təşkil edə bilməyəcəyini qeyd edib.
O əlavə edib ki, alternativ variant ABŞ-nin məqsədlərinə nail olmaq üçün hərbi kampaniyanın yenidən başlanmasıdır, lakin nə Tramp, nə də iranlılar bunu istəmir.
Vens həmçinin bildirib ki, ABŞ artıq İranın adi silahlı qüvvələrini əhəmiyyətli dərəcədə zəiflədib və Tehranın nüvə silahı əldə etməsinin Yaxın Şərqdə və onun hüdudlarından kənarda silahlanma yarışına səbəb ola biləcəyini düşünür.
Sevinc Əliyeva
Ordu.az