Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qanun layihəsinə əsasən, sənəd parlament tərəfindən təsdiqlənib prezident tərəfindən imzalandıqdan sonra ölüm hökmləri digər cəza növləri ilə əvəz olunacaq, ömürlük həbs cəzalarının müddəti azaldılacaq və bir sıra silahlı qruplaşma üzvləri ilə narkotik cinayətkarlarının azadlığa çıxmasına şərait yaradılacaq. Bununla belə, amnistiya zorlama, insan alveri, korrupsiya, terrorizmin maliyyələşdirilməsi və qəsdən adamöldürmə kimi ağır cinayətləri əhatə etməyəcək.
Livan parlamentindəki məlumatlara görə, ölkədəki təxminən 8600 məhbusdan 3 mindən çoxu bu qanundan faydalana bilər. Onların arasında 14 ildən artıqdır məhkəmə hökmü olmadan həbsdə saxlanılan şəxslər də var. Təşəbbüsün əsas səbəblərindən biri kimi həbsxanalardakı həddindən artıq sıxlıq göstərilir.
Qanun layihəsinin hazırlanması İsrailin Livanda davam edən hərbi əməliyyatları və regionda artan gərginlik fonunda həyata keçirilir. Bu vəziyyət ölkənin siyasi proseslərinə və parlament fəaliyyətinə də təsir göstərib. Layihə cəmiyyətdə ciddi fikir ayrılığı yaradıb. Həlak olmuş hərbçilərin ailələrinin bir hissəsi amnistiyaya qarşı çıxaraq mövcud hökmlərin dəyişdirilməməsini tələb edir.
Müzakirələrin mərkəzində keçmiş radikal sünni təbliğatçısı Əhməd əl-Əsirin işi dayanır. O, 2013-cü ildə Sayda şəhərində Livan ordusuna qarşı toqquşmaların təşkilində təqsirli bilinərək ölüm cəzasına məhkum olunub. Həmin hadisələr zamanı 18 hərbçi, o cümlədən zabit Corc Bu Saab həlak olmuşdu. Əl-Əsir artıq 11 ildən çoxdur həbsdədir. Yeni qanun qəbul olunarsa, onun ölüm hökmü başqa cəza ilə əvəz edilə və həbs müddəti faktiki olaraq daha 10 il uzadıla bilər.
Əl-Əsirin ailəsi və tərəfdarları hökmü siyasi motivli hesab edir. Onlar onun “Hizbullah”la əlaqəli siyasi oyunun qurbanına çevrildiyini iddia edir və bütün məhbusların azad olunmasını tələb edirlər.
Livanda son böyük amnistiya 1991-ci ildə, təxminən 150 min insanın həyatına son qoymuş vətəndaş müharibəsindən sonra qəbul edilmişdi. Həmin dövrdə bir çox silahlı qruplaşma üzvləri ölkənin siyasi sisteminə inteqrasiya olunmuşdu.
Hazırkı layihə parlamentdəki siyasi və dini qruplar arasındakı fikir ayrılıqlarını da üzə çıxarıb. Sünni bloklar islamçı məhbusların azad olunmasını dəstəkləyir, şiə deputatlar Bəkaa vadisində fəaliyyət göstərən narkotik qruplaşmalarının üzvlərinə güzəştlərin tətbiqini istəyir, xristian siyasətçilər isə İsraildə yaşayan və Livanı tərk etmiş vətəndaşlara amnistiya verilməsini tələb edirlər.
Qanun layihəsində İsraildə yaşayan livanlılarla bağlı məsələnin 2011-ci il qanunvericiliyinə uyğun həll olunacağı nəzərdə tutulur. Həmin qanuna görə, bu şəxslər ölkəyə qayıtdıqdan sonra saxlanılacaq və məhkəmə qarşısına çıxarılacaqlar.
Deputatlar hesab edirlər ki, qanun layihəsi ətrafındakı müzakirələr artıq müxtəlif siyasi və dini qüvvələr arasında siyasi sövdələşmə predmetinə çevrilib.
Sevinc Əliyeva
Ordu.az