“Financial Times”: Si Cinpin Trampa bildirib ki, Putin Ukraynaya müdaxilə etdiyinə görə peşman ola bilər

2026/05/1779176902.jpg
Oxunub: 308     11:39     19 May 2026    
Çin lideri Si Cinpin Pekində ABŞ prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı Vladimir Putinin sonda Ukraynaya müdaxilə qərarına görə “peşman ola biləcəyini” bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinə məlumatlı mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, Çin lideri bu fikri Rusiya-Ukrayna müharibəsinin müzakirəsi zamanı səsləndirib. Qeyd olunur ki, o, daha əvvəl ABŞ-nin keçmiş prezidenti Co Baydenlə apardığı “açıq və birbaşa” danışıqlarda Putin və davam edən hərbi münaqişə ilə bağlı heç vaxt belə fikir bildirməyib.

“Financial Times” qeyd edir ki, Si Cinpinin bu açıqlaması Ukraynaya qarşı Rusiya müharibəsinin dörd ildən sonra dalana dirəndiyi, Kiyevin isə Rusiya qoşunlarına və Rusiyanın dərinliklərində yerləşən hədəflərə qarşı pilotsuz uçuş aparatlarından daha effektiv istifadə etməyə başladığı bir vaxta təsadüf edib.

Donald Tramp administrasiyası mayın 17-də Pekin sammiti ilə bağlı hesabat yayıb, lakin sənəddə iki ölkə liderinin Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi barədə heç bir qeyd yer almayıb.

Putin 2022-ci ilin fevralında, Çinə səfərindən cəmi üç həftə sonra Ukraynaya müdaxilə edib. Həmin səfər zamanı o, Si Cinpinlə birlikdə iki ölkə arasında “məhdudiyyətsiz tərəfdaşlıq” elan etmişdi.

Bundan əvvəl ABŞ Pekini Rusiyaya ikili təyinatlı məhsullar verməkdə dəfələrlə ittiham edib. Vaşinqtonun fikrincə, bu məhsullar Moskvanın Kiyevə qarşı müharibə aparmasına kömək edir. Çin tərəfi isə öz növbəsində Moskvaya hər hansı dəstək göstərilməsi iddialarını daim təkzib edib.

Bununla paralel olaraq, Moskva vaxtı ilə mayın 19-20-də Putinin Çinə rəsmi səfəri planlaşdırılır. O, Pekinə Trampın səfərindən cəmi bir neçə gün sonra gedəcək.

Səfərə yola düşməzdən əvvəl Putin bildirib ki, o, Çinə “köhnə və yaxşı dostu” Si Cinpinin dəvəti ilə gedir. Səfər Moskva ilə Pekin arasında Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin imzalanmasının 25 illiyinə həsr olunub.

“Rusiya-Çin strateji yaxınlığı dünyada çox mühüm rol oynayır. Üstəlik, dostluğumuz heç kimə qarşı yönəlməyib. Biz sülh və ümumi rifah naminə çalışırıq”, - deyə Putin bildirib.

O əlavə edib ki, iki günlük səfər zamanı siyasət, iqtisadiyyat, müdafiə sahəsi və humanitar əlaqələrə dair məsələlər müzakirə olunacaq.

Tərəflərin təxminən 40 ikitərəfli sənəd imzalayacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Tramp   Putin  


Bizi "telegram"da izləyin