Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşrə görə, İrəvanın Arabkir rayonunda keçirilən seçkiqabağı təşviqat zamanı yüksək rütbəli zabit olan və müharibədə itkin düşmüş qardaşı olan bir erməni qadın Paşinyana yaxınlaşaraq etiraz edib.
Nəşr qeyd edib ki, Paşinyan bir neçə dəqiqə sonra özünü itirərək qışqırmağa və hədələr səsləndirməyə başlayıb. O, Ermənistanın keçmiş prezidentləri, iş adamı Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barədə təhqiramiz ifadələr işlədib.
Paşinyan xüsusilə Ermənistanın ikinci prezidenti Robert Köçəryanı hədəf alaraq “Qarabağ ləhcəsi”ndə danışanların “maskalarını çıxaracağını” bildirib. “Maskalarınızı çıxarıb uyğun yerə dürtəcəyəm”, - deyə o qeyd edib.
Erməni qadın isə Paşinyanı Qarabağı təhvil verməkdə və minlərlə gəncin ölümünə səbəb olmaqda ittiham edib.
“Mənim xalqımın bir nəsil gəncini məhv etmisiniz. Uşaqlarımı, qardaşımı və sevincimi oğurlamısınız”, - deyə erməni qadın Paşinyana müraciət edib.
Bildirilib ki, qadın hadisə yerindən uzaqlaşmağa çalışsa da, Paşinyan onun qolundan tutaraq geri qaytarmağa və onu dinləməyə məcbur etməyə çalışıb.
Nəşrin mənbəsinin məlumatına görə, “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları erməni qadının danışmasına mane olmaq üçün onun səsini qışqırıqlarla batırmağa çalışıblar.
Qeyd olunub ki, erməni qadın sonradan mediaya açıqlamasında Qarabağda heç vaxt yaşamadığını, uzun illərdir İrəvanda yaşadığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az