Putin-Tramp telefon danışığının ertəsi günü Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Bilik: birinci” adlı tədbirin iştirakçıları ilə görüşüb. “Avropa ABŞ-yə qarşı, ABŞ isə bütün dünyaya qarşı mübarizə aparır, bu, necə bitəcək?” sualına o belə cavab verib: “Qısa desək, hər şey Rusiyanın qələbəsi ilə başa çatacaq”. Medvedev Avropa ilə ABŞ-ni “bankada qapanmış hörümçəklər” ilə müqayisə edib.
Son bir gün ərzində nə dəyişib ki, Medvedev belə kobud müqayisəyə yol verib və faktiki olaraq açıq şəkildə göstərib ki, Moskvada Avropa-ABŞ qarşıdurması müqayisə edilib və bu qarşıdurma “Rusiyanın qələbəsi ilə başa çatacaq”? Aprelin 30-na keçən gecə Ukraynanın pilotsuz uçuş aparatları Permdə strateji əhəmiyyətli infrastruktur obyektlərinə və Krım körpüsünün təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus üç katerə hücum edib.
Telefon danışığı zamanı Vladimir Putin Ukraynanın Rusiyaya zərbələrini “terrorizm” adlandırıb. “Deutsche Welle” şərhçisinin sözlərinə görə, Putin faktiki olaraq Donald Trampdan “təzyiq göstərməsini xahiş edib ki, Ukrayna neft emalı zavodlarının, neft bazalarının və tranzit infrastrukturunun məhv edilməsini dayandırsın”. Lakin o, “heç nə edə bilmərəm” cavabı alıb. Putin əmindir ki, Tramp “Zelenskiyə təsir rıçaqlarını artıq itirib”.
“RIA Novosti” agentliyi vəziyyəti belə təqdim edib ki, “Qərb Ukrayna vasitəsilə Rusiyanı neft qiymətlərinin artımından faydalanmaq imkanından məhrum etməyi qarşısına məqsəd qoyub”. Gənclərlə görüş zamanı Medvedev yenidən “nüvə apokalipsisinin real mümkünlüyünü” vurğulayıb, buna inanmayanları isə “axmaqlar” adlandırıb. Bundan əlavə, o bildirib ki, “Avropa ilə qarşıdurma ekzistensial xarakter daşıyır və çox güman ki, indiki nəslin dövründə başa çatmayacaq”.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini faktiki olaraq Donald Trampın Vladimir Putinlə telefon danışığından sonra Ukrayna müharibəsinin “yaxın zamanda başa çatacağı” ilə bağlı optimizmini təkzib edib. Bu isə göstərir ki, Putin-Tramp telefon danışığı Kreml daxilində rəsmi məlumatda təqdim olunduğundan daha çox suallar doğurub. Məsələ ondadır ki, Putin niyə Medvedev vasitəsilə belə açıqlama verib?
Asif Cəfərov
Ordu.az