Zelenski Putinə parad zəmanəti verdi? Moskva pərdəarxası danışıqlara gedib

2026/04/1777480730.jpg
Oxunub: 667     20:35     29 Aprel 2026    
Rusiya Federasiyasının Müdafiə Nazirliyi rəsmi şəkildə təsdiqləyib ki, “mövcud əməliyyat vəziyyəti ilə əlaqədar” bu il ənənəvi parad, daha əvvəl “Telegram” kanallarının xarakterizə etdiyi kimi, “qısaldılmış ssenari” ilə keçiriləcək. Xüsusilə paradda zirehli texnika iştirak etməyəcək. Qırmızı meydanda kadet korpusunun, Suvorov və Naximov adına hərbi məktəblərin kursantları da olmayacaq.

Rusiya hərbi qurumu məlumat verib ki, bunun əvəzində birbaşa bağlantılar həyata keçiriləcək, strateji təyinatlı raket qoşunları və Hərbi Dəniz Qüvvələrinin hərbçilərinin döyüş növbəsini necə yerinə yetirdiyi göstəriləcək. Rəsmi bildirişə görə, paradın sonunda Hərbi Hava Qüvvələrinin təyyarələri “səmanı Rusiya Federasiyasının dövlət bayrağının rənglərinə boyayacaq”.

Vladimir Putinin ənənəvi paradın “ssenarisini qısaltmaq” üçün əsaslı səbəbləri var. Ukrayna cəbhəsində hələ də köklü uğurlar yoxdur. Buna Malidə “Afrika korpusu”nun uğursuzluğu da əlavə olunub. Tuapsedə Ukrayna pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində yaranmış fəlakətli vəziyyət rezonans doğurur. Son məlumatlara görə, şəhərdə əhalinin təxliyəsinə başlanılıb.

Ölkənin iqtisadi vəziyyəti ürəkaçan deyil. Rusiyanın sərt senzurasından nisbətən azad qalan demək olar ki, yeganə media qurumu olan “Nezavisimaya qazeta” redaksiya məqaləsində etiraf edib ki, “sanksiyalar yalnız yerli istehsalı stimullaşdırır” dövlət təbliğatı “artıq heç kimdə etimad yaratmır”.

Nəşr müdafiə naziri Belousovun Şimali Koreyaya səfərinə xüsusi toxunub. Orada o, koreyalı hərbçiləri “Kurskun müdafiəsində iştiraka görə” dövlət mükafatları ilə təltif edib. Görünür, Belousov ukraynalı müharibədə koreyalı hərbçilərin iştirakını davam etdirmək barədə razılıq əldə edə bilməyib. Tərəflər idarələrarası əməkdaşlığı davam etdirməyə qarşılıqlı hazırlıqla kifayətləniblər.

Kremlin sözçüsü Dmitri Peskov may paradının xarici qonaqlarının siyahısını açıqlamaqdan imtina edib. Bundan belə nəticə çıxır ki, bu məsələdə yekun razılaşmalar yoxdur. Daha əvvəl məlum olub ki, Polşa, Latviya, Litva və Estoniya Slovakiyanın baş naziri Fitsonun təyyarəsinə Moskvaya uçuş üçün hava dəhlizi verməkdən imtina ediblər. Rusiya “Telegram” kanallarının məlumatına görə, “parad təxminən yarım saat davam edəcək, Vladimir Putin Qırmızı meydanda cəmi on beş dəqiqə qalacaq”.

Bir neçə qərb mənbəsinin məlumatına görə, Moskva “qapalı kanallarla Kiyevlə həmin gün pilotsuz uçuş aparatı zərbələri endirməmək məsələsini müzakirə edib”. Görünür, Ukrayna belə zəmanət verib. Əks halda may paradı ləğv edilə bilərdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Putin   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin