ABC: Jurnalistlər Pentaqonda müşayiət olmadan hərəkət edə bilməyəcəklər

2025/10/1759853339.jpg
Oxunub: 346     11:49     28 Aprel 2026    
Jurnalistlər artıq Pentaqon binalarında qurum əməkdaşlarının müşayiəti olmadan sərbəst hərəkət edə bilməyəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, belə qərarı Kolumbiya dairəsi üzrə ABŞ Apellyasiya Məhkəməsi qəbul edib. Hakimlər heyəti iki lehinə, bir əleyhinə səs nisbəti ilə Müharibə Nazirliyinin mətbuatın girişini məhdudlaşdırmağa yönəlmiş addımlarını dəstəkləyib.

Hələ mart ayında Kolumbiya dairə məhkəməsi “The New York Times” (NYT) nəşrinin iddiasını təmin etmişdi. Həmin vaxt nazirliyə qəzetin yeddi müxbirinin buraxılış vəsiqələrini bərpa etmək və 2025-ci ilin oktyabrında müəyyən edilmiş akkreditasiya məhdudiyyətlərini ləğv etmək tapşırılmışdı. Buna cavab olaraq Pentaqon uzun illər qurumun qərargahında fəaliyyət göstərən media nümayəndələri üçün nəzərdə tutulmuş iş zonasını dərhal bağlamağı əmr edib. Bundan başqa, rəhbərlik jurnalistlərin xüsusi müşayiət olmadan binaya girişini və binanın ərazisində hərəkətini qadağan edib.

2025-ci il oktyabrın 16-da “Associated Press” onlarla jurnalistin Pentaqon buraxılış vəsiqələrini təhvil verdiyini bildirmişdi. Onlar bu addımla qurumun rəhbəri Pit Heqsetin media üçün müəyyən etdiyi məhdudiyyətlərə etiraz ediblər. NYT Heqsetin addımlarını “görünməmiş dərəcədə düşmənçilik” adlandırıb, çünki nəşrin iddiasına görə, onun rəhbərliyi altında Pentaqon aparıcı media qurumlarını iş yerlərindən məhrum edib və həmin yerləri mühafizəkar nəşrlərə verib, müxbirlərin qurumun dəhlizlərində sərbəst hərəkətini məhdudlaşdırıb və mətbuat kartlarının ləğvinə gətirib çıxara biləcək yeni sərt qaydalar müəyyən edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin