Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Krasnodar diyarının operativ qərargahının məlumatına görə, PUA-ların qalıqlarının düşməsi nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Zərərçəkən yoxdur. Yanğının söndürülməsi işlərinə 122 nəfər və 39 texnika cəlb olunub. Qeyd edək ki, “Rosneft” şirkətinə məxsus bu zavod Rusiyanın 10 ən böyük neft emalı müəssisəsindən biridir və Qara dənizin Rusiya sahilində yeganə belə zavoddur. Bundan əvvəl zavod aprelin 16-da və 20-də də hücuma məruz qalmışdı.
Əgər ilk hücum yalnız yanğınla başa çatmışdısa, ikinci halda artıq insan da ölmüşdü. Zavodla vahid istehsal kompleksi təşkil edən Tuapse limanının neft terminalının infrastrukturu da zədələnmişdi. Xüsusilə neft məhsulları anbarlarının ərazisi yanmışdı, bunun nəticəsində, “Reuters” mənbələrinin məlumatına görə, zavod neft emalını dayandırmışdı. Aprelin 20-dəki zərbədən sonra başlayan yanğını tam söndürmək yalnız dörd gün sonra mümkün olmuşdu. Anbarların zədələnməsi nəticəsində neft sızması baş vermiş və neft dənizə axmışdı. Bir həftə ərzində neft ləkəsi sahil boyunca təxminən 77 km yayılmışdı. Krasnodar diyarı hakimiyyətinin məlumatına görə, təxminən 4,2 min kubmetr çirklənmiş torpaq və su-mazut qarışığı toplamaq mümkün olub.
Eyni zamanda, “Tuapse” neft terminalındakı yanğından yaranan tüstü Rusiyanın Qara dəniz sahilinin demək olar ki, hamısını, o cümlədən Soçini və Anapanı bürüyüb, həmçinin Stavropola və Armavirə çatıb. Bir sıra rayonlarda “neft yağışı” yağıb, havada benzol, ksilol və hisin miqdarı normanı iki dəfə keçib. Bu barədə “Rospotrebnadzor” məlumat verib. Soçi çimərliyində ölü delfinlər aşkar edilib, balıqların və quşların kütləvi tələfatı da qeydə alınıb.
Ekoloqlar Rusiyanın bütün Qara dəniz sahilini təhdid edən “ən böyük ekoloji fəlakət” barədə bəyan ediblər, turşu yağışları təhlükəsinə işarə edərək qeyd ediblər ki, yerli ətraf mühitə mənfi təsir bir neçə il davam edəcək. Buna baxmayaraq, prezident Vladimir Putin indiyədək Tuapsedəki fövqəladə vəziyyəti heç bir şəkildə şərh etməyib. Dövlət telekanalları da ekoloji fəlakəti görməzdən gəliblər.
Sevinc Əliyeva
Ordu.az