KTMT-nin məsuliyyət zonasına təhlükəsizliyin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub

2026/04/1775490341.jpg
Oxunub: 498     19:46     06 Aprel 2026    
Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Talatbek Masadikov ilə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.

Məlumata görə, tərəflər KTMT-nin məsuliyyət zonasına təhlükəsizliyin gücləndirilməsi ilə bağlı məsələlər kontekstində beynəlxalq gündəliyin geniş spektrini ətraflı müzakirə ediblər.

Qeyd edilib ki, Talatbek Masadikov 2025-ci il noyabr sessiyasında qəbul edilmiş qərarların icrası üzrə tədbirlər planının yerinə yetirilməsi, həmçinin Rusiya sədrliyi dövründə təşkilatın fəaliyyətinin prioritet istiqamətləri barədə məlumat verib. Sənəd üzv dövlətlərin sülh və sabitliyin təmin olunması ilə bağlı bütün istiqamətlər üzrə fəal əməkdaşlığını nəzərdə tutur.

“Baş katib Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsi çərçivəsində birgə işin əsas istiqamətlərindən biri kimi təşkilatın nizamnamə orqanlarının qarşıdakı iclaslarına hazırlığı qeyd edib.

O, həmçinin ilin ikinci yarısında keçirilməsi planlaşdırılan iri miqyaslı birgə hərbi təlimlər (“Sarsılmaz qardaşlıq”, “Qarşılıqlı fəaliyyət”, “Sərhəd”), eləcə də xüsusi təlimlər (“Kobalt” və “Skala”) və birgə əməliyyatlar (“Kanal”, “Muzdlu” və “Qanunsuz”) barədə məlumat verib”, - deyə məlumatda bildirilib.

Kollektiv təhlükəsizliyin təmin olunması məsələsində Belarusun yanaşmalarına toxunan Aleksandr Lukaşenko qeyd edib:

“Belarus həmişə KTMT-də və postsovet məkanının digər qurumlarında münasibətlərin inkişafının hərəkətverici qüvvəsi olub. Bizim yanaşmalarımız tam açıqdır, biz heç nəyi gizlətmirik. KTMT-yə gəldikdə isə, hələ təşkilat yeni formalaşanda mən fəaliyyət proqramı təklif etmişdim. Biz başa düşürük ki, bu təşkilatın mərkəzi halqası Rusiyadır. Hər kəs yaxşı anlamalıdır ki, məsələn, qərb istiqamətində KTMT-nin əsas halqası təbii olaraq Belarusdur. Əgər həmin istiqamətdə hər hansı münaqişə baş verərsə, Rusiya burada həmişə Belarus ordusunun fəaliyyətinə qoşulacaq silahlı qüvvələrin nüvəsinə malik olmalıdır ki, ərazimizi müdafiə edə bilək”.

Məlumata görə, müasir təhdid və çağırışlara qarşı mübarizə məsələsinə toxunan Talatbek Masadikov bildirib ki, təşkilatın fəaliyyətində analitik və proqnozlaşdırma komponentlərinin inkişafına xüsusi diqqət yetirilir: “Qlobal böhran hadisələrinin artdığı şəraitdə biz vəziyyətin daha dərin və obyektiv təhlilinə, eləcə də müvafiq tövsiyələrin hazırlanmasına ehtiyac görürük. Bu kontekstdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Rusiya prezidenti Vladimir Putin tərəfindən təşkilat platformasında üzv dövlətlərin elmi və ekspert icmalarının müntəzəm əməkdaşlığı formatında Avrasiya analitik platformasının yaradılması tapşırığı verilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Belarus  


Bizi "telegram"da izləyin