Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” analitik mərkəzinin idarə heyətinin sədri, erməni politoloq Karen Bekaryan deyib.
“Əgər dövlət başçısı “Mən orada olmasam, müharibə olacaq” deyirsə, bu o deməkdir ki, həmin dövlət mövcud deyil. Hətta onun haqlı olduğunu və əslində belə bir şeyin olduğunu qəbul etsək belə, Paşinyan dövləti sona çatdırıb. Avqustun 8-də Trampı şahid kimi gətirən həmin şəxs aylarla piar aparıb, sülhün təmin olunduğunu söyləyib.
İndi biz 2018-ci ildə hakimiyyətə gələn, 2020-ci ildə müharibə aparan, 2021-ci ildə yenidən seçilən, indi isə yenidən gəlib “Mən seçilməliyəm ki, müharibə olmasın” deyən bir hökumətlə, siyasi qüvvə ilə üzləşirik”, - deyə o qeyd edib.
Bekaryan bildirib ki, bu, öz xalqına qarşı təsəvvür edilə bilən ən alçaldıcı münasibətdir.
“Bu, insanları eşşək yerinə qoymaqdır. O, hansı proqramla hakimiyyətə gəlib və indi nə edir? Onlar bir-biri ilə kəsişirmi? Onlar kəsişmirlər. O, insanlar üzərində təcrübələr aparır və “Mən öyrənirəm” deyir. Sizin öyrənməyiniz nəticəsində insanlar ölür, fəlakətlər baş verir, ərazi itkiləri ilə qarşılaşırıq... Başqa ölkələr haqqında belə şeylər oxusaq, buna inanmayacağıq”, - deyə o vurğulayıb.
Erməni politoloqun qiymətləndirməsinə görə, Ermənistanda elə bir vəziyyət yaranıb ki, xarici qüvvələr Ermənistanın daxili gündəliyinə müdaxilə edir.
“Avropa İttifaqı seçkilərdən əvvəl İrəvanda sammit keçirir, onlar nə etdiklərini başa düşmürlərmi? Bu, başqa bir dövlətin daxili işlərinə müdaxilədən başqa bir şey deyil”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az