Putin-Si Cinpin danışıqları ABŞ prezidentinin yaxın günlərdə Ukrayna nizamlanması ilə bağlı qərarını açıqlayacağını bildirdiyi bir mərhələdə baş tutub. O, həmin bəyanatı ABŞ-nin Çindəki yeni təyin olunmuş səfirinin andiçmə mərasimindən sonra verib. Jurnalistlərdən birinin “Rusiya prezidentinin çox şey tələb etməsi” ilə bağlı vitse-prezident Vensin açıqlamasına münasibətini soruşduqda, Tramp belə cavab verib: “Ola bilər.” Üstəlik, o, bundan əvvəl bildirmişdi ki, Ukrayna məsələsində qərar vermək zəruriyyəti onu sevindirmir.
ABŞ prezidenti gələn həftə Yaxın Şərqə səfər edəcək, görünür, onu kifayət qədər çətin danışıqlar gözləyir. Hər halda, İsrail mətbuatının təəssüratı ondan ibarətdir ki, Tramp Səudiyyə Ərəbistanının ilkin şərtini qəbul edib və bu ölkə ilə İsrail arasında münasibətlərin tənzimlənməsi məsələsini müzakirə etməyəcək. Vaşinqton, görünür, İranın nüvə proqramı ilə bağlı danışıqlarda da İsrail tərəfinin tələblərinə “göz yumub”.
Bu kontekstdə Putin-Si Cinpin danışıqlarının sonunda Kremlin rəsmi saytı “Birgə bəyanat” adlanan kifayət qədər genişhəcmli bir sənəd dərc edib. Burada tərəflər arasında həm ikitərəfli, həm də regional və beynəlxalq məsələlərlə bağlı razılaşdırılmış mövqelər əks olunub.
Bu sənədi Rusiya-Çin əməkdaşlığının “yol xəritəsi” adlandırmaq olar. O, dəqiq və ən yüksək peşəkar səviyyədə təhlil edilməyə ehtiyac duyur. Cari məsələlərə gəlincə, diqqətçəkən hissə Ukrayna nizamlanmasına aid bənddir.
Həmin hissə aşağıdakı formada ifadə olunub: “Tərəflər əmindirlər ki, Ukrayna böhranının dayanıqlı və uzunmüddətli həlli üçün onun yaranma səbəbləri aradan qaldırılmalı, bu zaman BMT Nizamnaməsinin prinsiplərinə – onların bütövlüyü, qarşılıqlı əlaqəliliyi və birgə tətbiqi də daxil olmaqla – hörmət edilməli, həmçinin təhlükəsizlik sahəsində bütün ölkələrin əsas maraq və narahatlıqları nəzərə alınmalıdır”.
Diplomatik dildə bu cür ifadələr, şübhəsiz, çox mürəkkəbdir və müxtəlif yozumlara və şərhlərə geniş imkan yaradır. Bununla belə, yəqin ki, “əsas qeydlərdən” biri BMT Nizamnaməsinin prinsiplərinə hörmət məsələsidir. Ukrayna böhranının səbəbləri barədə şərh verən Rusiya xarici işlər naziri Lavrov bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünə hörmət göstərilmir, çünki Kiyev özündə “öz müqəddəratını təyin etmə” hüququna hörmət etmir.
Amma bu necə və harada özünü göstərir? Axı Krım Ukrayna daxilində milli muxtariyyət statusuna malikdir, Donbas məsələsində isə Kiyev, heç olmasa formal şəkildə, həmin bölgələrdə xüsusi idarəetmə forması yaratmaqla bağlı qanunun zəruriliyini qəbul edib. BMT-nin əsas prinsipi isə mübahisəli məsələlərin sülh yolu ilə həllini, güc tətbiqi və ya onunla hədələmə hallarının yolverilməzliyini nəzərdə tutur.
Təsəvvür etmək çətindir ki, əgər Ukrayna münaqişəsinin vasitəçiliyi ABŞ-dən Çinə və ya Çin və Türkiyəyə keçsə (bəzi KİV-lərin yazdığı kimi), Vladimir Putin Si Cinpinlə imzalanmış “Birgə bəyanat”ın hərfən icrasına sadiq qalacaq. Lakin sənədin özü siyasi baxımdan önəmlidir, çünki orada yalnız Çinlə birlikdə reallaşdırıla biləcək Rusiya inteqrasiya məqsədləri əks olunub.
Asif Cəfərov
Ordu.az