75 il əvvəl – təxminən bu günlərdə, 1950-ci il mayın 9-da Fransanın xarici işlər naziri Robert Şuman Fransa-Almaniya kömür və polad birliyi yaratmaq ideyasını irəli sürmüşdü. Bu birlik illər sonra faktiki olaraq beynəlxalq tarixdə xüsusi və unikal bir qurum – Avropa İttifaqının (Aİ) təməlini qoyacaqdı.
Bu gün isə Aİ qlobal sistemin yenidən qurulması burulğanına düşüb, əsaslı dəyişikliklərin praktiki olaraq qaçılmaz olduğu bir mərhələdədir. Bu çağırışların hansı formada və formatda həll olunacağı hələ tam bəlli olmasa da, Avropa İttifaqının artıq özü də bu dəyişikliklərin qaçılmaz olduğunu rəsmən etiraf edir.
Bu faktın mərkəzində duran əsas məsələlərdən biri təhlükəsizlik arxitekturasıdır – Avropada təhlükəsizliyin yeni sistemi. Bu baxımdan Paris və Berlin simvolik bir addım atır: deyə bilərik ki, “yeni kömür və polad birliyi” qurulur, sadəcə bu dəfə mövzu təhlükəsizlikdir. Diqqətçəkən məqam odur ki, bu elan 75 illik yubiley ərəfəsində verilir. Şübhəsiz ki, paralellər burada bitir, çünki bu gün nə beynəlxalq mühit, nə də Fransa və Almaniya 75 il əvvəlki vəziyyətdə deyil.
Nəticə etibarilə bu yeni birlik və ya şura, mövcud Aİ çərçivəsində yaradılır – həm də Aİ-nin daxilindəki struktur və müxtəlifliklə şərtlənən reallıqlar fonunda. Elə bu səbəbdəndir ki, təhlükəsizlik arxitekturasının yenilənməsi zərurəti ortaya çıxıb. Aİ ölkələri təhlükəsizlik məsələlərinə fərqli yanaşır və Avropanın təhlükəsizlik “çətiri” – ABŞ-nin nəzarətində olan sistem – artıq zəifləyir. Buna görə də Berlin və Parisin təşəbbüsü hələlik bir deklarasiyadır. Bu təşəbbüsün konkret gündəliyə çevrilməsi, real prosesə dönüşməsi və təbii ki, müxtəlif müqavimət ocaqları ilə üzləşməsi qaçılmazdır.
Asif Cəfərov
Ordu.az