Tramp Putini beynəlxalq səviyyədə təcavüzkar kimi tanıyır? – BAXIŞ BUCAĞI

2025/03/1741871071.jpg
Oxunub: 422     18:02     13 Mart 2025    
Mart 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ-Ukrayna danışıqları təxminən 9 saat davam etdi. ABŞ-ni Dövlət katibi Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Uolts, Ukraynanı isə Zelenskinin administrasiya rəhbəri Yermak, xarici işlər və müdafiə nazirləri Sibiqa və Umerov təmsil etdilər.

Ekspertlər danışıqların sonunda tərəflərin ayrı-ayrılıqda deyil, birgə bəyanat yaymasını əhəmiyyətli hesab edirlər. Bu, baxışların tam üst-üstə düşməsə də, ən azından ümumi təsəvvürlərin maksimum yaxınlaşmasının ifadəsi kimi qiymətləndirilir. ABŞ-Ukrayna birgə bəyanatının preambulasında son dərəcə vacib bir ifadə yer alıb: “Hər iki tərəfin nümayəndələri Ukrayna xalqının vətənini müdafiə etməkdəki cəsarətini yüksək qiymətləndirib və davamlı sülhə nail olmaq yolunun başlanması üçün indi zamanın yetişdiyi barədə razılığa gəliblər”.

Məlum olduğu kimi, fevralın 28-də Ağ Evin Oval kabinetində Tramp-Zelenski mübahisəsi zamanı ABŞ prezidenti demək olar ki, açıq şəkildə Ukrayna liderini “müharibəyə təhrik etməkdə” və “sülhə hazır olmamaqda” günahlandırmışdı. Ekspertlər xüsusilə Zelenski-Vens mübahisəsinin o hissəsini vurğulayıblar ki, burada Ukrayna lideri ABŞ vitse-prezidentini Ukrayna müharibəsinin mahiyyətini yanlış təqdim etməkdə “qınamış” və öz ölkəsinin təcavüzkara qarşı mübarizə apardığını vurğulamışdı.

Ötən təxminən iki həftə ərzində Ukrayna müharibəsinin xarakterizə edilməsi məsələsində Ağ Ev Böyük Britaniya, Fransa və Almaniya, digər Avropa ölkələri, eləcə də demokrat və hətta bəzi respublikaçı konqresmenlər tərəfindən tənqidə məruz qalıb. Görünür, bu “tənqid seli” öz təsirini göstərib. Ciddədəki ABŞ-Ukrayna danışıqlarının əsas siyasi nailiyyəti odur ki, ABŞ Ukrayna xalqını öz ölkəsini cəsarətlə müdafiə edən subyekt kimi tanıyıb.

Bu ifadənin alt mətni tamamilə şəffafdır: əgər münaqişə tərəflərindən biri cəsarətlə öz ölkəsini müdafiə edirsə, deməli, digəri həmin ölkəni məhv etmək məqsədilə ona hücum edib. Faktiki olaraq Donald Tramp (və onun razılığı olmadan Ciddə danışıqlarının nəticələri üzrə birgə bəyanatda belə son dərəcə prinsipial xarakteristika yer almazdı), Vladimir Putini beynəlxalq səviyyədə təcavüzkar kimi tanıyır.

Ciddə danışıqlarının sonunda ABŞ prezidenti yaxın günlərdə Rusiya-ABŞ görüşünün baş tutacağını bildirib. Qərb mənbələrinə görə, Moskvaya Donald Trampın xüsusi elçisi qismində milli təhlükəsizlik məsələləri üzrə müşavir Uolts göndərilir.

Bu o deməkdir ki, o, şəxsən Rusiya prezidenti Vladimir Putinlə müzakirələr aparmaq missiyası ilə Moskvaya gedəcək. Daha sadə desək, Uolts Vladimir Putinə Donald Trampın mesajını çatdırmağa hazırlaşır. Ukrayna cəbhə xətti boyunca, havada və Qara dənizdə otuz günlük atəşkəs yaratmaq və dərhal danışıqlara başlamaq təklifini qəbul edib. İndi, Dövlət katibi Rubionun ifadə etdiyi kimi, “top Rusiyanın tərəfindədir”.

Əlbəttə, ABŞ Dövlət katibi həmçinin “Ukraynanın da ağrılı güzəştlərə hazır olmalı olduğunu” söyləyib, lakin Rusiya-Ukrayna müharibəsinin xarakterinin “Ukrayna xalqı cəsarətlə öz ölkəsini müdafiə edir” şəklindəki ABŞ tərifi Moskva üçün heç bir cəhətdən qəbuledilən ola bilməz. Putinə, əlbəttə, “Kiyevin nasist rejimindən azad edilmiş tarixi rus torpaqları kimi” Krım, Donbas və digər Ukrayna əraziləri lazımdır. Əgər bu, beynəlxalq səviyyədə tanınmırsa, o zaman de-fakto işğal hesab olunur. Bu isə Rusiyaya hörmət və inkişaf deyil, beynəlxalq nüfuzdan düşmə, təcrid və marginallaşma vəd edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin