Ankaranın 4 əsas gözləntisi – Tramp administrasiyası Suriya ilə bağlı vədinə əməl edəcək?

2025/01/1737532527.jpg
Oxunub: 816     17:33     22 Yanvar 2025    
Donald Tramp vəzifənin icrasına başladıqdan sonra Türkiyə-ABŞ münasibətlərində hansı məsələlər prioritet olacaq?

Türkiyə mətbuatı dövlət katibi Marko Rubionun bir neçə bəyanatını təhlil edərək bildirir ki, Trampın Ərdoğanı tərifləməsi, Türkiyə prezidentinin çox ağıllı adam və onun dostu olduğunu deməsi heç də Ağ Evin yeni administrasiyası ilə rəsmi Ankara arasında münasibətlərdə strateji yenidən yükləmənin baş verəcəyi anlamına gəlmir.

Ekspertlər Türkiyə prezidentinin, xarici işlər və müdafiə nazirlərinin son açıqlamalarını müşahidə edərək, Ankaranın ABŞ-nin yeni administrasiyası ilə münasibətlərində 4 gözlənti irəli sürəcəyi qənaətinə gəlib:

- PKK və YPG-yə dəstəkdən imtina etmək,

- “ABŞ-nin düşmənlərinə sanksiya vasitəsilə qarşı çıxmaq haqqında” qanun ilə qoyulmuş məhdudiyyətləri tamamilə ləğv etmək,

- ya ödənilən pulu geri qaytarmaq, ya da Türkiyəni F-35 proqramının iştirakçısı etmək,

- Konqres tərəfindən icazə verilən F-16 döyüş təyyarələrinin tədarükünə başlamaq.

Son iki gözləntini “texniki” hesab etsək, birinci və ikincinin təkcə siyasi deyil, həm də geosiyasi əhəmiyyəti var. Türkiyə prezidenti ötən gün Suriya ərazisinin üçdə birinin terrorçuların nəzarətində olmasının artıq qəbuledilməz olduğunu bildirib. Həmin bölgədə isə YPG və məhdud ABŞ kontingenti birgə patrul xidməti həyata keçirir.

Türkiyə mənbələri iddia edir ki, Tramp birinci prezidentlik müddətinin sonunda ABŞ qoşunlarını Suriyadan çıxarmaq barədə qərar verib, lakin Pentaqon bunu həyata keçirməyib. Trampın prezident vəzifəsini üzərinə götürdükdən sonra hərbçilərə təzyiq göstərəcəyinə zəmanət varmı? Yanvarın 7-də ona bu barədə sual veriblər, ardınca belə bir yayındırıcı cavab verilib ki, “hərbi sirlər açılmayacaq”.

Lakin Tramp bunun Türkiyə ilə əlaqəli olduğunu etiraf edib. Daha da maraqlısı odur ki, Türkiyə Birləşmiş Ştatların “ABŞ-nin düşmənlərinə sanksiya vasitəsilə qarşı çıxmaq haqqında” qanunda göstərilən məhdudiyyətləri aradan qaldıracağını gözləyir. Bu qanun Trampın birinci prezidentliyi dövründə qəbul edilib və əsasən Rusiyanın əleyhinədir.

Türkiyənin Rusiya ilə ticarət dövriyyəsini iki dəfə artırmaq düşüncəsi var. Görünür, ABŞ-nin qanunu buna mane olur. ABŞ-nin yeni administrasiyasının Suriyanı protektorat kimi tamamilə Türkiyəyə təhvil verməsi və ya onun Rusiya ilə ticari-iqtisadi əlaqələrinin tam liberallaşdırılmasını alqışlaması nə dərəcədə mümkündür? Türkiyə mətbuatı və ekspertləri, təbii ki, Vaşinqtonun Ankaradan gözləntilərinə cavab vermir.

Amma bundan belə nəticə çıxmır ki, Türkiyə-ABŞ münasibətləri “bir darvazada oyun qaydaları” ilə formalaşır və ya bu prinsiplə yenidən yüklənəcək. Güman etmək lazımdır ki, Ankara dörd gözləntisini formalaşdırarkən, eyni vaxtda Vaşinqtona ən azı dörd “xidmət” təklif edib, lakin bu açıqlanmır. Bizə isə sadəcə fərziyyələr irəli sürmək qalır…

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Tramp   Suriya  


Bizi "telegram"da izləyin