8 Mart Günü oğlunun məzarını ziyarət edən Ana: “Ürəyimizdə bir qürur hissi var ki, bizim oğlumuz ölməyib” (FOTOLAR)

2024/03/42994-1709906039.jpg
Oxunub: 1370     19:32     08 Mart 2024    
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Onlar yaxınlarından təbrik gözləmədilər. Əksinə, övladlarının onlara bir ömür bəxş etdiyi vətən torpaqlarının məmnunluğunu dilə gətirdilər. Bu gün onlar şəhid övladlarının məzarını ziyarət etdilər.

“Fəxri bu gün sağ olsaydı, görərdim ki, mənə hədiyyə ilə bərabər gül qabına qoyulmuş bir dəstə gülüm də stolumun üstündədir, məni gözləyir. O da bilirdi ki, mən də çiçəkləri, gülləri sevirəm. Həmişə də mənə təbii çiçək alardı” .

Bu fikirləri əməkdaşımızla söhbəti zamanı şəhid anası Mehparə Qəribova səsləndirib.

Ordu.az saytı olaraq bu gün 8 Mart - Beynəlxalq Qadınlar Gününü şəhid övladı ilə keçirən Mehparə ana barəsində əməkdaşımızın qələmə aldığı yazını Sizə təqdim edirik.


Səhərin erkən saatlarıdır. Məzarlığın lal sükutunu yoldan ötən avtomobillərin səsi pozur. Ara-sıra əllərində gül dəstələri olan adamlar məzarlığın ümumi qapısından daxil olub, baş daşlarının arasından ötərək yaxınlarını ziyarətə gedirlər. Bir neçə gündür davam edən sərt şaxta, yerini zəif dumanla müşahidə olunan xırda yağışa verib. Seyrək dumandan əmələ gələn nəmişlik, baş daşlarının üzərindən axaraq, insan yanağından axan göz yaşları kimi iz buraxır. Mərmər daşlardan baxan gül üzlü şəhidlərimizin simasına yayılan nuru, narın yağan yağış daha da nurlu edir. Kim bilir, yaşasaydılar bu əziz gündə öz ailə üzvlərinə, yaxınlarına, ən əsas da analarına nə kimi hədiyyə edəcəklərdi.

Artıq yavaş-yavaş qəbir üstə gələnlərin sayı da artır. Əzizlərinin məzarı üstünə gələnlər ilk olaraq şəhidlər xiyabanını ziyarət edir. Şəhid ailələrinə səbr dilədikdən sonra, öz yaxınlarının məzarına doğru gedirlər. Ziyarətə tez gələn şəhid yaxınları sıra ilə məzarların üzərinə gül qoyub, sonra öz doğmalarının məzarı başında dayanırlar. Bunlardan biri də şəhid Fəxri Qəribzadənin anası Mehparə anadır. Yaxınlarıyla gəlmişdi oğlunun görüşünə. Deyir ki, gündəlik olaraq gözünün ağı-qarası bircə oğlunun ziyarətinə gəlir. Lakin hər ilin mart ayının 7-8-i onun üçün bu yeri ziyarətin xüsusi bir səbəbi var.


“Mənim kimi anaların oğullarını itirməsinin bir şərəfi var. Çünki ürəyimizdə bir qürur hissi var ki, bizim oğlumuz ölməyib. Vətən torpağının işğaldan azad olunmasında dəryada bir damla da olsa onların da əməyi olubsa, həmişə deyirik ki, nə xoş bizim halımıza ki, bizim balalarımız yaşadıqları o gənc ömürlərini boş yerə hədər eləməyiblər”.

Ana oğlunun baş daşına sarılır. Əllərini daşın üzərində həkk edilən rəsmin üzərində gəzdirib, titrək barmaqlarını rəsmin cizgilərində gəzdirir. Adama elə gəlir ki, sanki Mehparə ana az öncə dediyi oğlunun ona bayram sürprizi anını yaşayıb, minnətdarlıq hissi olaraq övladını bağrına basır. Beləcə ana-bala həm doğum gününü, həm də 8 Mart - Beynəlxalq Qadınlar Gününü qeyd edirlər. Amma oğulun sadəcə daşdan baxan fotosu, ananın da qucaqladığı soyuq daş olduğunu görəndə şirin xəyaldan ayrılıb reallığı qəbul etməli olursan. Bir az özünə gəlib sözlərinə davam edən Mehparə ana bu gün tək Fəxrinin deyil, ümumi şəhidlərimizin anası olmasıyla fəxr etdiyini deyir.


“Düzdür bu gün Fəxri yanımda yoxdur. Amma o mənə dəyərli hədiyyələr verib gedib. Martın 8-i olanda qeyri-ixtiyari gözüm otaqdakı stolların üstündə Fəxrinin hədiyyəsini gəzsə də, ömrümün sonuna qədər mənə verdiyi dəyərlə ölçülməyəcək hədiyyələri qürurla daşımağa borcluyam. Mən hər addımda Fəxrini yanımda hiss edirəm, ondan güc alıram. Amma bu gün mənə Fəxrinin ən böyük hədiyyəsi, ən böyük töhfəsi şəhid anası olaraq onun və silahdaşlarının bəxş etdiyi bütöv Azərbaycanımın alınmış torpaqları, Qarabağda dalğalanan, Xankəndidə dalğalanan, Şuşada dalğalanan Azərbaycanın rəmzi olan 3 rəngli bayrağımızdır”.

Bəli, Mehparə ananın da dediyi müqəddəs torpaqlar, anaların bu müqəddəs bayramlarına verilən təkrarsız və dəyərsiz hədiyyədir. Əziz şəhid anaları, dəyərli Azərbaycan qadınları Bayramınız mübarək.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: 8-Mart-Günü   Azərbaycan  


Bizi "telegram"da izləyin