120 millimetrlik minaatan kompleksi düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. 2015-ci ildə hərbi bölmələrin yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi hissə və bölmələrdə istismara və bərpaya yararsız olan minaatanlar qeydiyyatdan silinərək 120 mm-lik 2S12A “Sani” minaatan kompleksləri ilə təmin edildi. Hissə və bölmələrin silahlanmasına yeni artilleriya silahlarının 600 ədəddən ibarət böyük bir partiyasının daxil edilməsi istiqamətində həyata keçirilən bu tədbirlər, ordumuzun atəş gücünün artmasında əhəmiyyətli rol oynadı.

Bu dəfə
Ordu.az Sizə 120 mm “Sani” minaatan kompleksi, onun yaranma tarixi, sələfləri, konstruksiyası, TTX-sı, istifadəçiləri barədə məlumat verəcək. “Sani” minaatan kompleksi heç də baza versiyası olaraq yaradılmayıb. Buna görə də əvvəlcə onun sələfi hesab edilən minaatanlara qısaca nəzər salmaq vacibdir.
M43-dən 2B11-ə
II Dünya müharibəsindən sonra bir sıra ordular taborlarının tədricən 120 mm-lik minaatanlara keçirilməsinə başladı. 20-ci əsrin 70-ci illərinin sonu və 80-ci illərinin əvvəllərində SSRİ yeni bir minaatan silah sistemi qəbul etdi, bu sistemlərə 82 mm-lik 2B14 minaatanı, 82 mm-lik 2B9 avtomatik minaatanı və 120 mm-lik 2C12 “Sani” minaatan kompleksi aid edilirdi.
“Sani” kompleksinin 120 mm-lik 2B11 minaatanı 1943-cü ildə istehsal edilən 120 mm-lik M43 minaatanın modifikasiyasıdır. M-43 sistemləri sonrakı minaatanların dizaynına böyük təsir göstərdi. Onların bəzi nümunələri bu günə qədər dünyanın bir çox ordularının silahlanmasında qalmaqdadır, bəzi ölkələrdə isə hələ də kütləvi istehsalı davam edir.

Çəkilən və daşınan 120 mm-lik 2B11 minaatanın M-43-dən fəqli cəhətlərindən biri yeni materialların istifadəsindən ibarətdir. Bu fərq M43 ilə müqayisədə 2B11-in kütləsini azaltmağa imkan verdi. Şərq blokunun keçmiş üzvləri olan dövlətlərin ordularının motoatıcı (piyada) hissə və bölmələri daha kiçik çaplı minaatan sistemlərinin yerinə 120 mm-lik minaatanlar ilə təmin edilirdi.
M43-dən 2B11-in digər bir fərqi, daşınma zamanı sonuncunun lafetdə yığılmış vəziyyətdə olmasıdır. Atəş zamanı isə lülə dəyirmi lövhə yerə dirənənə qədər əl ilə qaldırılır. Bundan sonra lafet çıxarıla bilər, çünki atəş zamanı minaatan ikiayaqlı tərəfindən dəstəklənir. Zərurət yarandıqda isə, lülə, lafet və lövhə bir-birindən ayrılır, yəni minaatan sökülmüş vəziyyətdə də daşına bilər.

Atəş zamanı minalar lüləyə əllə doldurulur. Hamar lülənin aşağı hissəsində sabit gücə sahib bir tətik mövcuddur, onun vasitəsilə lülədəki müxtəlif gücə malik barıt yükləri alovlanır. Minaatanların sonrakı versiyaları zərbə-tətik mexanizmi və lülənin təkrar doldurulmasını istisna edən qoruyucu ilə təmin edilir.
Bu minaatan ailəsinin bəzi üzvləri fərqli şassilərdə hazırlanıb. Məsələn, İraq üçün tırtıllı MT-LB daşıyıcısından, Çexiyada isə PRAM-S adlanan qülləsiz BMP-2 piyada döyüş maşınından istifadə edilib.
Tərkibi

2B11 minaatanları istər Şərqdə, istərsə də Qərbdə istehsal olunan 120 mm-lik minaların (əslində onların çapı 119,4 mm-dir) demək olar ki, hər növündən atəş aça bilər. Maksimal atəş məsafəsi 7100 metr, minimum məsafə isə 480 metrdir. Atış sürəti dəqiqədə 15 ədədə qədərdir.
120 mm-lik 2B11 minaatanı aşağıdakılardan ibarətdir:
- lülə;
- təkrar yüklənmə qoruyucusu;
- iki ayaqlı lafet;
- dayaq lövhəsi;
- MPM-44M nişangahı.
Lülə atəşi həyata keçirmək və minaya ilkin sürəti təmin etmək üçün təyin olunub.
Lülənin tərkibi:
- boru;
- tıxac;
- obtürator üzüyü.
Konstruksiyası

2S12 kompleksinin 2B11 minaatanı xəyali üçbucaq sxeminə əsasən hazırlanıb. Onun təkər lafeti ayrıla bilir, lüləsi hamardır və doldurulması lülənin ağız boşluğundan həyata keçirilir. Hərəkətli topuğa malik lülə tıxacı, ştamp-qaynaq üsulu ilə hazırlanan yuvarlaq dayaq lövhəsi ilə birləşdirilib.
Dayaq lövhəsinə isə torpaq zəmin ilə əlaqəni yaxşılaşdıran əlavə sərtlik “qabırğaları” qaynaqlanır. İkiayaqlı lafet lüləyə sıxac ilə bağlanaraq qaldırma və dönmə mexanizmlərini daşıyır. Lafetin ayaq tərəfində isə tarazlaşdırma mexanizmi quraşdırılıb. Onun amortizatorları atəşin geri təpmə təsirini azaldır.
MPM-44M minaatan nişahgahı əsas optik vasitədir. Atəş “şnur” vasitəsilə açılır. Atəş tezliyi dəqiqədə 10 dəfədir, tuşlamanı düzəltmədən isə bu göstərici dəqiqədə 15 dəfəyə çata bilər. Sökülə bilən iki təkərli 2L81 lafeti ressorlar üzərindədir.
Sursatları

2B11 minaatanları, 120 mm-lik M-120 minaatanının mövcud döyüş sursatından paralel istifadə məqsədilə yaradıldı. Onların arasında fuqas, qəlpəli-fuqas, yandırıcı, işıqlandırıcı və təbliğat minaları da mövcud idi. Bunlarla bərabər yeni minalar da yaradılırdı. 1975-ci ildə yeni 120 mm-lik yandırıcı və işıqlandırıcı, 1980-ci ildə uzaq mənzilli qəlpəli-fuqas, 1992-ci ildə isə yeni tüstü minaları (paraşütlə tüstü yaradan tərkibə malik) silahlanmaya qəbul edildi.
Hərəkətlilik

Kompleksin ilk versiyalarında 4×4 təkər formulasına malik QAZ-66-05 universal nəqliyyat vasitəsi əsasında yaradılan 2F510 nəqliyyat vasitəsindən istifadə edilirdi. Bu maşınlar heyətin, minaatanların və sursatın həm daşınması, həm də qısa məsafələrdə minaatanların çəkilməsi üçün nəzərdə tutulur. Nəqliyyat vasitəsi daxilində nimaatan bərkidilmək üçün qurğularla (dartıcı, enmə körpüsü, kassa, eniş rampaları, sıxaclar və s.) təchiz edildikdə şossedə saatda 90 km-ə qədər hərəkət etmək imkanı qazanır.

Minaatan maşına yükləndikdə, daşınan döyüş sursat dəsti 48 mina ilə məhdudlaşır, tam sursat dəstini çatdırmaq üçün isə əlavə bir vasitə tələb olunur. Avtomobilin arxasınca minaatanın çəkilməsi yolsuzluq şəraitində 5-10 km/saat, torpaq yolda isə 30 km/saat sürətlə qısa məsafələrdə mövqeyi dəyişərkən tətbiq edilə bilər. Bu zaman “Qaz-66” maşınında daşınan döyüş sursatının dəsti 80 ədəddən ibarət olur.
Döyüş təcrübəsi

2C12 “Sani” kompleksinin ilk döyüş sınaqları, onun Əfqanıstandakı Sovet qoşunlarının məhdud kontingentinin silahlanmasına qəbul edilməsindən az sonra keçirildi. İlk komplekslər “Qaz-66” və ya “Ural-375” maşınları ilə daşınırdı. 2B11 minaatanlarının kiçik kütləsi, yüksək dağlıq ərazilərdə keçirilən döyüş əməliyyatları zamanı onların heyət üzvləri tərəfindən daşınmasına imkan verir. Daha sonralar isə keçmiş SSRİ ərazisindəki lokal münaqişələr zamanı 2C12 kompleksinin müxtəlif şərtlərdə effektivliyi bir daha təsdiqləndi. Ümumilikdə 1400-dən çox 2C12 minaatan kompleksi istehsal edilib. Qeyd etmək lazımdır ki, motoatıcı hissələrin batareyalarının 120 mm-lik minaatanlara marağı, 81-82 mm-lik minaatanlardan daha uzaq məsafəyə və daha yüksək güclü minalardan zərbə endirmək imkanı ilə bərabər, həm də 120 mm-lik işıqlandırıcı və tüstü minalarının effektivliyi ilə əlaqədardır. Minaatanların son versiyaları idarəolunan və tənzimlənən minlardan da istifadə edə bilir.
2S12 “Sani” kompleksinin Taktiki-Texniki Xüsusiyyətləri
layihələndirilməsi: 1979-cu il;
istehsalçı: Uraltransmaş (Yekaterinburq), Motovilixinski zavodu (Perm);
cəmi buraxılıb: ~ 1500 ədəd;
silahlanmaya qəbulu: 1981-ci il;
istismar illəri: 1981 -ci ildən bu günə qədər;
heyəti: 5 nəfər.
Kompleksin kütləsi:
2B11 minaatanın kütləsi (döyüş vəziyyətində): 210 kq;
təkərli lafet kütləsi: 115 kq;
2C12 “Sani” kompleksinin atəş imkanları:
maksimal atəş məsafəsi: 7100 m; 9000 m (KM-8 “Qran” versiyasında)
minimum atəş məsafəsi: 480 m;
minanın maksimum ilkin sürəti: 325 m / s;
atəş tezliyi: dəqiqədə 10 atəş.
Minaatanın döyüş və səfər vəziyyətinə gətirilmə müddəti: 3 dəqiqədən çox deyil;
daşınan sursat dəsti: 56 mina;
nişangah: MPM-44M;
qalxma bucağı: + 45 ° ... + 80 °;
dönmə bucağı: ± 5 °;
qısa məsafələrdə (5-10 km) torpaq və daş örtüklü yollarda sürəti: saatda 20 km-dən çox deyil;
qısa məsafələrdə (30 km) asfalt yolda sürəti: 60 km/saatdan çox deyil.
Azərbaycanın “Sani” kompleksləri
Azərbaycan Ordusunun silahlanmasına daxil olan 2S12A “Sani” kompleksləri 2S12 baza versiyasının uğurlu modifikasiyası hesab edilir. “Sani” komplekslərinin minaatanı və bir çox digər elementləri eynidir. “Sani” standart versiyada QAZ-66-05 şassisinə əsaslanan 2F510 nəqliyyat vasitəsinə malikdir. 2S12A versiyası isə 6 slindrli turbo “YaMZ 238M” dizel mühərrikinə malik “Ural-43206” şassisinə malikdir. Hər iki versiya 4 × 4 təkər formulasına malikdir, lakin qeyd etdiyimiz kimi, fərqli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılır. Standart 2S12 versiyası 2F32, 2S12A versiyası isə 2F32A xüsusi dartma avadanlığı dəstinə malikdir. Bu qurğuların elektriklə çalışan mexanizmi minaatanı həm rels üzərində maşından endirməyə, həm onu maşına yükləməyə, həm də təhlükəsiz daşınma üçün onun maşında sabit bərkidilməsini təmin edir.

Əvvəlki minaatanlarda dayaq lövhəsi atəş istiqamətinə uygun bucaq altında yerə basdırılırdı, “Sani” də isə bu lövhələr əlavə “qabırğalar” qaynaq edilməklə bərkidilib və səthə paralel olaraq yerə basdılır, bu isə minaatanın həm 360 dərəcə dönməsinə, həm dairəvi sektorda atəş açmasına, həm də geri təpmə qüvvəsinin tam həcmdə yerə ötürülməsinə imkan verir.
Nəqliyyət vasitəsində minaatan heyətinin daşınması da nəzərdə tutulur. Bu funksiyalar minaatan və heyətin manevr imkanlarını artırmaqla bərabər onların çətin keçilən dağlıq ərazilərdə belə atəş mövqelərində sürətlə yerləşməsinə şərait yaradır.
Digər bir üstün cəhət isə lülənin hazırlanmasında müasir texnologiyadan istifadə edilməsindən ibarətdir. Əvvəlki minaatanların lüləsi tökmə üsul ilə hazırlanırdı, 2B11-də isə döymə üsulu tətbiq edilir. Bu üsulla hazırlanan lülələr daha yüksək təzyiqə dözümlü olduğu üçün onların atəş məsafəsini 5800 metrdən 7100 metrə qədər artırmaq mümkün olub. Təbii ki, atəş məsafəsinin artması geri təpmə qüvvəsinin də yüksəlməsinə səbəb olub. Bunun qarşısının alınması üçün xüsusi bir qurğu nəzərdə tutulmasa da, konstruksiyada müəyyən dəyişiklik edilib.

Azərbaycanın 2С12А minaatan kompleksləri 180 at gücünə malik, 6 slindrli “YaMZ 236M2” mühərrikinə malik “Ural-43206” şassisinə (Ural-43206-0551-41 və ya Ural-43206-0651 də ola bilər) əsaslanan 2F510A nəqliyyat vasitəsi ilə təmin edilir. 2F32A xüsusi avadanlıq dəsti isə demək olar ki, əvvəlki versiyada olduğu kimi qalır. Beləliklə, 2F510A kompleksinin 2F510 baza versiyasından prinsipial fərqi, əsasən şassisinin modifikasiya versiyasının “Ural-43206”, baza versiyasının isə “Qaz-66” şassisi üzərində qurulmasından ibarətdir. Nəticədə “Ural-43206” şassisi üzərindəki 2F510A nəqliyyat vasitəsinə malik 2S12A minaatan kompleksinin döyüş vəziyyətində, döyüş sursatı ilə ümumi kütləsi 11020 kq-a qədər artdı.
Hesab edirəm ki, Azərbaycan tərəfinin “Ural” maşınlarına üstünlük verməsi, onların daha qənaətcil və daha çox sursat daşımaq imkanına malik olması ilə birbaşa əlaqəlidir. Çünki 2F510 baza versiyasında sursat dəstini tam daşıya bilmirdi, bu isə aktiv hərbi əməliyyatlar teatrında ciddi çatışmazlıq hesab edilir. Təbii ki, hər bir minaatan batareyasını əlavə 6 ədəd yük maşını ilə təmin etməkdənsə, “Qaz-66” şassisi əvəzinə komplekslərin daha böyük yükdaşıma həcminə malik “Ural-43206” şassisinə quraşdırılan 2S12A versiyasına üstünlük vermək daha məqsədəuyğundur.
Modifikasiyaları

1990-2000-ci illərdə “Dilemma” layihəsi çərçivəsində “Burevestnik” Federal Dövlət Unitar Müəssisəsi Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri minaatan sistemlərinin modernləşdirilməsi üzərində iş apardılar. Bu fəaliyyətlər nəticəsində 120 mm-lik bir minaatan üçün dairəvi atəşə imkan verən dayaq lövhəsi hazırlanaraq istehsal edildi. “Ural-43206” (4 x 4) universal yük maşını üzərində 120 mm-lik 2C12A, MT-LB tırtıllı vasitəsi üzərində isə 2C12B kompleksləri yaradıldı. 2S12A və 2S12B kompleksləri 2007-cilin mayın 17-də Rusiya ordusu tərəfindən silahlanmaya qəbul edildi.
2B11 minaatanının döyüş sursatı və digər vasitələrlə şimal rayonlarında daşınmasını təmin etmək üçün digər variantlar, məsələn DT iki keçidli daşıyıcı bazasında versiya da hazırlanıb. Tula KBP ilə birlikdə “Burevestnik” Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri, 2B11 minaatanına əsaslanaraq, tənzimlənən minalardan atəş aça bilən və atəş məsafəsi 8 km-ə qədər olan “Qran” mobil kompleksini də yaradıblar. 2B11 minaatanları eyni zamanda eyni adla Bolqarıstanda da lisenziya ilə istehsal edilib.
SMM 74 B1.10 “Tundzha-Sani” Bolqarıstan lisenziyalı versiyasıdır, 1990-cı illərin ortalarından istehsalı dayandırılıb.

“Aybat” İsrailin CARDOM kompleksi və onun geri təpmə sistemi ilə MT-LB və ya BTR-70 şassisi üzərinə quraşdırılan özüyeriyən minaatanın Qazaxıstan versiyasıdır.
2S12B “Dilemma-2S12” isə MT-LB zirehli personal daşıyıcısı bazasında hazırlanan özüyeriyən minaatan versiyasıdır.
İstifadəçiləri

Bu minaatanlar Rusiya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Venesuela, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Liviya, Litva, Özbəkistan, Ukrayna və Estoniya kimi ölkələrin silahlanmasında mövcuddur.
Nəticə
Motoatıcı hissələrin standart minaatan batareyalarının hər birinin tərkibində 7100 m atəş məsafəsinə malik 6 ədəd 120 mm-lik minaatan kompleksi mövcuddur. Fərqli vəzifələrə malik hissələrin minaatan batareyaları isə daha uzaqmənzilli avtomatik minaatan kompleksləri ilə təmin edilir. Motoatıcı taborlarda mövcud olan 82 mm-lik çəkilən minaatanlar isə 13 sm daha uzun lüləyə və 5400 m atəş məsafəsinə malik yeni qurğular ilə təchiz edilib. Bütün görülən tədbirlər nəticəsində motoatıcı hissələrin atəş gücü, yeni uzaqmənzilli komplekslərlə gücləndirilməsi və açqlanması uyğun olmayan ştat struktur dəyişikliklərinin həyata keçirilməsi ilə əlaqədar olaraq ən azı iki dəfə artırılıb. Lakin bir faktı unutmaq olmaz ki, dağlıq ərazidə bu məsafədə hədəfləri aşkarlamaq, izləmək və onlara endirilən zərbələri izləmək üçün mütləq PUA-lardan istifadə edilməlidir.

Təbii ki, 120 mm-lik “Sani” Azərbaycanın bu çapa malik yeganə silah sistemi deyil. Bunlardan əlavə Silahlı Qüvvələrimizin arsenalında digər ölkələrdə istehsal edilən minaatanlar, məsələn “Nizə” avtomatik minaatan kompleksləri mövcuddur. “Nizə” kompleksi lazer tuşlaması və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. Yüksək atəş və manevr imkanlarına malik olan “Nizə” heyətin qorunmasını və təhlükəsizliyini də təmin edir. Avtonom və mobil vasitə üzərindəki minaatan geritəpmə qüvvəsini azaltma qabiliyyətinə malikdir və buna görə də mərmi atəşinin zərbələri daha dəqiqdir.
Minaatan özünün koordinatları hesablama və hədəfə tuşlanma mexanizmlərinə malikdir. Bütün sadalananlar sayəsində minnatan daha effektiv hala gəlib, onun qısa müddətdə yüngül zirehli maşınlara quraşdırılması mümkündür, bu isə hərbçilərə verilmiş taktiki əməliyyatları tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İki və üç nəfər ekipaj üzvü tələb edən “Nizə” qabaritlərinin yüksək olması, həm də davamlı olaraq GPS ilə çalışması real vəziyyətimizdə mütləq diqqətə alınmalı faktorlardır. Düşmənin daha yüksək mövqeləri qarşısında iriqabaritli şassi üzərində yerləşən minaatan komplekslərini qısa müddətdə həm səngərlərə yerləşdirmək, həm də maskalamaq elə də asan deyil. Eyni qabaritlər Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi 120 mm CARDOM avtomatik minaatan kompleksinə aiddir. Bu kompleks də dəqiq atəş zərbələrini təmin etmək üçün kompüterləşdirilən AİS sistemindən, GPS-dən və rəqəmsal xəritələrdən istifadə edir. Minaatanın tuşlanması, PUA vasitəsilə lazerlə hədəf göstərmə vasitəsilə də həyata keçirilir. CARDOM kompleksinin tərkibində mövcud olan rəqəmsal AİS sistemi, ətalətli və ya peyk naviqasiya sistemindən əldə etdiyi məlumat əsasında hədəf və minaatanın qarşılıqlı koordinatlarını, həmçinin lazımi hədəfə tuşlanma bucağını hesablayır. GPS-dən istifadə edərək tuşlanmada hədəf nöqtəsindən maksimum 10 metr yayınma ilə yüksək dəqiqlik təmin edilir. Dolayısı ilə həm PUA-lar, həm CARDOM, həm də “Nizə” kompleksi AİS sistemindən və GPS-dən istifadə edir. Əməliyyatların başlanması ilə düşmən bütün REM vasitələrini aktiv rejimə keçirərək GPS siqnallarını tam basdırmağa çalışacaq. Bu isə həm PUA-ların artilleriya hədəflərinin koordinatlarını ötürməyə, həm zərbələri korrektə etməyə, həm də dəyən zərərin qiymətləndirilməsinə əngəl yaradacaq. Bəs GPS siqnalları düşmən tərəfindən basdırıldıqda nə etməliyik?

Düşünürəm ki, İsrail, Belarus, Türkiyə, Pakistan, Rusiya, Ukrayna və s. kimi silah ixracatçıları ilə sıx əlaqələrimizin və işbirliyimizin mövcud olmasından istifadə edərək aktiv REM vasitələrinin təsirinə məruz qalmayan və ya onların özünə əks təsir göstərə bilən avadanlıqları istehsal etməklə silah bazarının diqqətini öümüzə cəlb etməliyik. Gələcək çalışmalarda düşmənin müxtəlif artilleriya sistemlərinin, minaatanlarının və digər iri çaplı silahlarının koordinatlarının müəyyənləşdirilməsi üçün tək və ya şəbəkə halında istifadə edilə biləcək, radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalmayan Akustik Çoxfunksiyalı Sensorların istehsalına başlanılmalıdır. İlkin mərhələdə bəzi komponentləri xaricdən də idxal etmək mümkündür. Lakin proqram təminatı mütləq yerli və ya ən yaxın tərəfdaş ölkənin, məsələn Türkiyənin iştirakı ilə yaradılmalıdır.
İstəsək də, istəməsək də REM təsirinə məruz qalmayan sistemlərin və sensorların istehsalı getdikcə daha da aktuallaşır. Bu sensorlar həm ön xətdə bir növ antisnayper detektoru funksiyasını yerinə yetirə bilər, həm də minaatanlar vasitəsilə batareya əleyhinə atəşin effektivliyini artırar. Bu sensorların təqribi olaraq 81 mm çaplı minaatanı 20 km, 155 mm çaplı topu 30 km, iriçaplı pulemyotların koordinatlarını 7 km məsafədən təyin edən variantlar artıq NATO ölkələrində tətbiq edilir. Bu şirkət tərəfindən bazara təqdim olunan, hazırda Niderland da daxil olmaqla bir neçə NATO ölkəsinin silahlanmasında yer alan AMMS sensorlarının iş prinsipi əsas götürülə bilər. Bu sistemlərin tətbiqi GPS istifadəsi məhdudlaşdıqda belə düşmənin REM vasitələrinin təsir zonasına girmədən hədəflərin koordinatlarını təyin etməyə imkan verə bilər. Bu sahədə hazırda Qazaxstanda ciddi layihələrə imza atan ASELSAN-la əməkdaşlıq qısa müddətdə gözlənilən nəticələrə səbəb ola bilər.
Müasir hərbi əməliyyatlarda istənilən yeni texnologiyalı komplekslərin idarəetməsi və tuşlanması ən azından basdırıla bilməyən GPS siqnallarına malik avadanlıqların və ya düşmənin REM təsirini neytrallaşdıran sistemlərin əldə olunmasını və tətbiqini tələb edir.
Düşmənin REM vasitələri tərəfindən törədilə biləcək təhdidlərə daim hazır olmaq üçün keçirilən iki və çoxtərəfli təlimlərdə ən gözlənilməz ssenarilər üzrə məşqlər keçirilməli, bu vasitələrinin fəaliyyətinə maneələrin yaradılması məsələsi birdəfəlik həllini tapmalıdır.
Mənbələr:
http://bastion-karpenko.ru/2s12/
http://warfor.me/120-mm-minometnyiy-kompleks-2s12-sani/
https://structure.mil.ru/structure/forces/ground/weapons/rvia/more.htm?id=10370123@morfMilitaryModel
https://ru.wikipedia.org/wiki/120-%D0%BC%D0%BC_%D0%B2%D0%BE%D0%B7%D0%B8%D0%BC%D1%8B%D0%B9_%D0%BC%D0%B8%D0%BD%D0%BE%D0%BC%D1%91%D1%82_2%D0%9111
https://raigap.livejournal.com/230573.html
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az