Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Qriqori Trofimçuk bildirib.
O, zamanın Nikol Paşinyanın əleyhinə işləməyə başladığını deyib: "İrəvan şəhərində Paşinyanın “Mənim Adımım” ittifaqı qalib gəldi. Lakin bu ittifaq rəhbərinin gözlədiyi səviyyədə qələbə olmadı. Küçə mübarizəsi üsulu hələ də işləsə də, əvvəlki gücünü itirib. Zaman Paşinyanın əleyhinə işləməyə başlayıb. 40%-dən bir az çox olan seçicilərin iştirakı, Paşinyana cəmiyyətin etimad kreditinin sonsuz olmadığından xəbər verir. Bunu dərk edən Paşinyan ABŞ-dan, xüsusilə xaricdə yaşayan ermənilərdən dəstək almaq axtarışlarını artırmaqdadır".
Gələcəkdə hadisələrin mümkün inkişaf yollarına və erməni parlamentinin buraxılması imkanlarına toxunan politoloq qeyd edib ki, parlamentin buraxılmasına qanunla yol verilmir, ancaq Paşinyanın da vaxtı getdikcə azalır.
"Parlamentdə Paşinyanın lehinə səs vermək tələb olunduğu kimi, indi də ona kənardan dəstək lazım olacağı istisna edilmir. ABŞ-da bu məsələnin müzakirə olduğuna əminəm. Paşinyan səssiz uzanmış, lakin hələ də düşmən rolunda olan parlamentin məsələsini həll etməyə tələsməlidir. Çünki parlament kimi dayaq məntəqəsini ələ keçirmədən Paşinyanın qələbəsini tam və son hesab etmək olmaz", -deyə o bildirib.
Politoloq, indiki halda inqilabın tam həcmlə başa çatmadığını və Paşinyana qarşı seçicilərin dəstəyinin də azala biləcəyini vurğulayıb: "Buna görə də parlament məsələsi həll edilməlidir. Hesab edirəm ki, Paşinyanın çevrəsində olanlar artıq bu problemin qanundankənar həll edilməsi məsələsini düşünürlər. Bu baş verdiyi halda vəziyyət daha da pisləşə bilər. Bu addımlardan biri yalnız erməni seçicilərinin deyil, bütün dünyanın diqqətini yayındıra biləcək Qarabağ amilindən istifadədir. Çox güman ki, Nikol Paşinyan Qarabağ kartı üzərində oynayacaq".
Alpər Mövludoğlu
Ordu.az