"Bardağın ağzı"na nəzarət: Azərbaycan Hərbi Dəniz Qüvvələri necə formalaşıb? - HƏRBİ EKSPERT (II Hissə)

2018/04/23423_1523537362.jpg
Oxunub: 3385     20:16     12 Aprel 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Müstəqillik dövründə bu yolda atılan addımlara nəzər salaq. Qarabağ müharibəsi gedən dövrdə Hərbi Dəniz Qüvvələrinə diqqət yetirməyə imkan yox idi. Atəşkəs dövründə də obyektiv səbəblərdən HDQ yenidənqurulmasına imkan yox idi. Lakin maddi hissənin təmiri, gəmilərin silahlandırılması, rabitə-naviqasiya sistemlərinin təzələnməsi sahəsində bir çox işlər görülüb. Türkiyə və ABŞ bəzi üzən vasitələrini yardım məqsədi ilə Azərbaycana verib.


Məlumdur ki, Sərhəd Qoşunlarının dəniz dəstəsinə daxil olan gəmilər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin mobilizə olunmuş ehtiyatı sayılır. Bu qüvvələrə sovet sərhəd qoşunlarının 17-ci sərhəd mühafizə gəmilərinin əlahiddə briqadasından götürülüb, müstəqil sahil müdafiə qüvvələrində S-005, S-006, S-007 nömrələri ilə nömrələnmiş 205P layihəli sərhəd gözətçi gəmiləri daxildir. Sərhəd qoşunlarında bu gəmi 3-cü ranq gözətçi gəmisi adlansa da, hərbi dəniz qüvvələrində artilleriya katerləri adlanırdılar.

Bundan əlavə, bir 205U layihəli raket kateri də modernizasiya olunub, çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra, S-008 nömrəsi ilə bu qüvvələrə verilib.

Yuxarıda qeyd etdiyimiz Amerika köməyi S-201 bort nişanlı patrul kateridir. Bu kater onların sahil mühafizə xidmətindən silinmiş, 1969 cu ildə inşa edilmiş “D” seriyalı “Poynt” tipli patrul kateridir. ABŞ bundan əlavə ölkəmizə S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər verib ki, bunlar da S-09 və S-10 nömrələri ilə birləşməyə qəbul olunub.

Sərhəd qoşunlarının sahil mühafizə qüvvələrinə keçmiş Xəzər dəniz neft donanmasına (“Kaspneftflot”) məxsus olan Polşada inşa olunmuş, neft platformalarının təhcizat və okean buksirləri də mobilizasiya planına uyğun daxil edilib. Onlar B-99 layihəli keçmiş “Vixr” (hazırda S-703), B-92 layihəli 3 “Nefteqaz” tipli gəmilərdir. İndiki adları S-701, S-002 və S-003.


Nefteqaz tipli gəminin göyərtəsinin xüsusiyyətləri elədir ki, onu desant məqsədləri ilə də istifadə etmək olar. Belə ki, gəminin layihəsində nəzərdə tutulmuş mobilizasiya planına əsasən, onun göyərtəsində 13 ədəd BTR-60/70/80 tipli üzən piyadaların döyüş transportyoru yerləşdirmək olur. Və onların liman infrastrukturu olmayan ərazidə birbaşa suya enməsi üçün də şərait var. Əlbəttə, təcavüzkar planları olmayan Azərbaycan Respublikası üçün gəminin bu xüsusiyyəti əhəmiyyətli deyil. Lakin ölkəmizə təcavüz oluna biləcək qorxulu şərait yaranarsa, sərhəd qoşunlarının qüvvələrinin manevri üçün əlverişli vasitədir. Belə təlimlərin döyüş hazırlığı planına daxil olmasını istisna etmirik. Amma bu gəmilər sərhəd mühafizə qüvvələrinə axtarış-xilasedici, akvatoriyanın operativ patrulunu həyata keçirmək üçün aviadaşıyıcı vasitə kimi çox əlverişlidir. Belə ki, göyərtəyə Mi-8 və Mi-171 helikopterlərinin enib-qalxması üçün imkan, gəminin layihələndirmə mərhələsində nəzərdə tutulub. Buna uyğun naviqasiya avadanlıqları ilə də təmin olunub. Bu gəmilərdən birinin göyərtəsində güclü antenna sistemi qurulduğundan, qüvvələrin operativ idarəetmə gəmisi olduğunu güman etmək olar.

Bütün bu qüvvələr hərbi dəniz və sərhəd qüvvələrimizə xidməti kafi səviyyədə aparmağa imkan versə də, potensialı saxlama və onu tələb olunan səviyyəyə qədər genişləndirmək imkanı vermirdi. Ölkə rəhbərliyi problemi yaxşı anladığından, onun həlli yolları axtarılırdı. Hesab edirik ki, optimal çıxış yolu tapılıb. Ölkəmizdə əvvəlcə Sərhəd Qoşunlarının Sahil Mühafizə xidmətinin ehtiyaclarını ödəyəcək hərbi tərsanə tikilib işə salınıb. Hal hazırda isə HDQ nin ehtiyaclarını ödəyəcək tərsanə tikilir. Sərhəd xidmətinin ehtiyaclarını daha tez ödəmək istəyini sadə məntiqlə anlamaq olar.

Hərbi Dəniz qüvvələri dinc dövrdə yalnız döyüş hazırlığı planına əsasən qurulmuş tədbirləri həyata keçirir və üzən vasitələrin bahalı resursuna qənaət edir. Mühafizə qüvvələri isə il boyu sutka ərzində 24 saat döyüş tapşırığını yerinə yetirməklə məşğuldur. Gəmilərin güc qurğularının, cihazlarının və konstruksiyalarının resursu intensiv sərf olunur.


2014-cü ildə istifadəyə verilmiş tərsanə artıq dəniz müdafiə qüvvələrinə 6 ədəd “Şaldaq Мk-V” tipli patrul kateri verib ki, onlar da döyüş siyahısına S-301 dən S-306 bort nömrələri ilə qəbul olunub. 27 metr uzunluğu olan bu kater suyu reaktiv axın kimi püskürən güc qurğusu ilə 54 dəniz düyünü gedişi verir. Bu quruda 100 km/saat sürətə bərabərdir. Katerin stabilləşdirilmiş platformada yerləşən güclü silahlanmasını nəzərə alsaq, heç bir dəniz qulduru, brakonyer onların əlindən qaça bilməz.

“Tufan” tipli OPV-62 patrul gəmiləri seriyasının baş gəmisi S-201 bu müəssisədə 2015 ci ilin 9 sentyabrında, ikinci gəmisi S-202 isə 2016 cı ilin iyun ayının 17-sində suya düşürülüb. Artıq hər ikisi döyüş sıralarına daxil edilib. Bu gəminin subasımı 470 ton, uzunluğu 62 metr, eni 7,62 metr, suya oturumu 2,77 metrdir. Üçvallı dizel güc qurğusu gəmiyə 32 dəniz düyünü gedişi verir ki, bu da 59,3 km/saata bərabərdir. Gəmi öz göyərtəsində kiçik helikopter də daşımaq imkanına malikdir. Bu gəminin öz sinfi üçün güclü atıcı və artilleriya silahlanmasına baxmayaraq, İsrailin istehsalı olan 8 konteynerli “Typhoon” MLS NLOS TƏİR buraxıcı qurğusu ilə də silahlanıb. Bu buraxıcı qurğu müasir yeni nəsil TƏİR-lər olan “Spayk" NLOS raketlərini buraxır. Bu raketlərin atəş məsafəsi 25 km olduğundan, “Tufan"(OPV-62) gəmilərini bizim hövzədə öz sinfində olan gəmilər üçün çox təhlükəli rəqib edir. Bu raketin televiziya, inersial və yarımavtomat idarəetmə metodları olduğundan, taktik tətbiqi çox genişdir. Məsələn, raket uçuşda olarkən, onu yeni yaranmış daha təhlükəli hədəfə yönəltmək mümkündür. Düşmən gəmisi aktiv (radioelektron mübarizə vasitələri) və passiv maneələr tətbiq edərsə, ikitərəfli idarəetmə kanalını bağlayıb, hədəfi televiziya siqnalı ilə tanıma və inersial idarəetmə metoduna keçmək olar. Kiçik sinfli gəmilərdə çox vaxt deyilən maneə qoyan sistemlər olmur. Amma olarsa, Tufan gəmisi buna əvvəldən hazırdır.

Həmin müəssisədə 72 metrlik “Saar 72” tipli iki raket korvetinin inşası da başlanıb ki, onun da başa catdırılması 2018-ci ildə planlaşdırılır. Gəmidə sualtı qayıq əleyhinə sonarlar və bomba-torpeda silahları, “Gabriel” gəmi əleyhinə raketlərin yerləşdiriləcəyi, “Barak-8” Zenit Raket Kompleksi olduğunu nəzərə alsaq, ölçüsünün böyük olmadığına baxmayaraq, Xəzər dənizində ən güclü döyüş qabiliyyətinə malik gəmi olacaq. “Barak-8” ZRK raketlərinin uçan hədəfi 120-150 km məsafədən məhv etməsini bildiyimizdən, gəminin HHM sisteminin korvetvə münasib yox, “Pyotr Velikiy” kreyseri səviyyəsində olduğunu görərik. Əlbəttə, bu müqayisə şərtidir. Çünki kreyserdə raketlərin döyüş komplekti daha çoxdur. Lakin döyüş şəraitində kreyseri məhv etmək istəyən qüvvələr də qat-qat çoxdur.


Nəzərə alsaq ki, “Qabriel” gəmi əleyhinə raketlərdə yuxarıda sadaladığımız “Spayk-NLOS” raketlərinə məxsus xüsusiyyətlər daha da inkşaf etdirilib, o zaman gəminin döyüş qabiliyyətini əyani təsəvvür etmək olar.

Bu hələ köməkçi hərbi qüvvə olan DSX-ya məxsus tərsanənin istehsal planlarıdır. O biri , HDQ-yə məxsus olacaq hərbi tərsanədə hansı gəmilərin inşa olunacağını təxmini təsəvvür etmək olar. Əlbəttə, çox istəyərdik ki, həmin tərsanədə daha iri gəmilər istehsal olunsun. Amma biz hesab edirik ki, “Saar 72” və bir az ondan böyük gəmi bizim akvatoriyamız üçün ən münasib hərbi dəniz platformasıdır. Yeni tərsanədə donanmanın balanslı inkşafı üçün zəruri olan köməkçi gəmilərin istehsal bazasının da yaradılması gözlənilir. Bunların sırasında kəşfiyyat və idarəetmə gəmiləri, yanğınsöndürən, vodolaz gəmiləri, hidroqrafiya , tralçı gəmilər və s. misal gətirmək olar.

Nəzərə çatdırdığımız faktlar onu göstərir ki, dövlət və hərbi rəhbərliyimiz ölkəmizin Xəzər akvatoriyasında təhlükəsizliyinə böyük qiymət verirlər. Onlar HDQ-nin ölkəmizin Xəzərdə təbii olaraq tutduğu mərkəzi mövqeyə uyğun inkşafı üçün mümkün olan bütün vasitələrdən istifadə edirlər.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   HDQ   DSX  


Bizi "telegram"da izləyin