Qalan 4 dövlət, Xəzər hövzəsində hərbi tərsanələri olmazsa, akvatoriyaya yeni bir gəmi gətirilməsi üçün Rusiyanın qeyri-formal razılığını almalıdır. Nəticədə, “Volqa-Don” kanalı Xəzər hövzəsində Rusiyanın hərbi hegemonluğunu təmin edən mühüm bir təbii vasitədir. Buna Rusiya dövlətinin digər sahələrdə (hərbi sənaye, maddi ehtiyatlar, insan ehtiyatları) imkanlarını əlavə etsək, hövzədə hegemon qüvvənin kim olduğu aydın olur.
Bu üstünlüklərini bilən Rusiya, Xəzər dənizinin statusu məsələləri, dənizin təbii ehtiyatlarının hasilatı və istifadəsi məsələləri ətrafındakı danışıqlarda öz mövqeyini daha qətiyyətlə müdafiə etməyə çalışır. Rusiyanın obyektiv güclü və nüfuzlu olmasına baxmayaraq, digər xəzəryanı dövlətlər də bu məsələdə öz dövlət maraqlarını qətiyyətlə müdafiə etməyə çalışırlar. Bunun əsas səbəblərindən biri bu dövlətlərin iqtisadi maraqlarıdır. Rusiya və İran istisna olmaqla, qalan bütün ölkələrin dövlət büdcəsi gəlirlərinin böyük hissəsi Xəzər hövzəsinin təbii sərvətləri hesabına formalaşır. Xəzər hövzəsində öz iqtisadi maraqlarını qorumaq hər bir xəzərsahili ölkənin birinci vəzifəsi sırasına çıxır. İran və Rusiya Xəzərə daha çox geosiyasi ambisiyaları baxımından qiymət verirlərsə, Azərbaycan, Qazaxıstan və Türkmənistan isə dənizin təbii ehtiyatlarının verdiyi mühüm qazanc baxımından qiymət verirlər.
Bu baxımdan heç bir xəzəryanı dövlət öz maraqlarından geri çəkilmək istəmir.
Xəzərin göl və yaxud dəniz statusu haqqında danışıqlar Sovet İttifaqı dağılandan bu günədək danışıqlar mövzusu olsa da, hələ razılıq əldə olunaraq, dövlətlərarası saziş bağlanmayıb. Doğrudur, bütün ölkələr xəzəryanı dövlət başçılarının 2018-ci ildə keçiriləcək Qazaxstan sammitində nəhayət Xəzərin beynəlxalq status sazişini bağlamağa söz verirlər. Lakin, Azərbaycan, Rusiya və Qazaxstan arasında böyük irəliləyişlərə baxmayaraq, İranla bu ölkələr arasında anlaşılmamazlıqlar çoxdur. Türkmənistanın mövqeyi isə hələ stabil deyil. Bu ölkə ilə o biri hövzə dövlətləri arasında hələ çox anlaşılmazlıqlar mövcuddur.
Bu qısa şərhi nəzərə alaraq, belə nəticə çıxarmaq olar ki, Xəzər hövzəsi qeyri-stabillik regionuna çevrilə bilər. Həm hövzə dövlətləri arasında münaqişələr yarana bilər, həm də bu vəziyyətdən istifadə edən terrorçu qruplaşmalar Xəzərə yol tapa bilərlər.
Belə bir vəziyyət yaranarsa, bütün ölkələrlə müqayisədə ən çox ziyan bizim ölkəmizə dəyə bilər. Bir sıra səbəblərə görə:
1. Ölkəmizin paytaxtı və sənayesinin əsaslı hissəsi Xəzər dənizi sahilində yerləşir;
2. Ölkəmizin neft və qaz hasilatı, onlarla bağlı hasilat və emal sənayesi; infrastrukturunun ən böyük hissəsi birbaşa dəniz akvatoriyasında və sahil zolağında yerləşir;
3. Ölkə əhalisinin yarıdan çoxu sahil zolağında sıx məskunlaşıb;
4. Dövlət idarəetmə orqanları sahil zolağında yerləşir;
5. Xəzər dənizinin ən böyük limanları və tərsanələri bizim ölkə ərazisində yerləşir.
Bu faktlar ölkənin dənizdən müdafiənin nə qədər vacib olduğunu əyani göstərir. Dövlət rəhbərliyi mövcud şəraitin imkan verdiyi çərçivədə bu məsələyə ciddi diqqət yetirir. Yuxarıda göstərildiyi kimi, dünya okeanından hövzəyə girişin yalnız Rusiya ərazisindən olduğunu nəzərə alarsaq, belə diqqətin hansı çətinliklərlə üzləşdiyini əyani təsəvvür etmək olar. Baxmayaraq ki, Xəzər dənizinin hüquqi statusu məsələlərində Rusiya və Azərbaycanın mövqeləri daha yaxındır, lakin, regionda kuratorluğa can atan bir dövlət kimi Rusiya, Xəzərdə təhlükəsizlik məsələlərində də əsas vəzifəni öz üzərinə götürməyə çalışır. Bu nöqteyi-nəzərdən, hövzənin başqa dövlətlərinin təhlükəsizliyini öz qüvvələri hesabına təmin etməsinə can atması, Rusiyanın bəzi hərbi-siyasi dairələrində qısqanclıqla qarşılanır.
Sovetlər ittifaqı dağıldıqndan sonra, Müstəqil Dövlətlər birliyinin xəzərsahili ölkələri Qırmızı Bayraqlı Xəzər flotiliyasının qüvvələrini və infrastrukturunu bölüşdürməyə başladılar.
Rusiyanın o dövrdəki “demokratik” rəhbərliyi Azərbaycanın qanuni hüquqlarını hər cəhdlə pozmağa çalışaraq, flotiliyanı bölmək danışıqlarına başlamazdan əvvəl bu birləşmənin texnikasını gizli yollarla, müxtəlif bəhanələrlə Həştərxan şəhərinə daşımağa başladılar. Bunların içərisində konservasiyada olan ehtiyat hövzə mühafizə divizionu, hava döşəkləri üzərində hərəkət edən raket katerləri divizionu, hidroqrafik gəmilər, mina tralçılarını saymaq olar. Bu isə onlarla gəmi deməkdir. Gəmilərdən əlavə çoxlu material ehtiyat vasitələri, döyüş sursatları donanmanın baş hərbi bazasından oğurlandı və Həştərxana daşındı. Müxtəlif təzyiqlərlə, o dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyevin siyasi təcrübəsinin zəifliyindən istifadə edən təcrübəli rus zabitləri “küsdüm-barışdım” manevrləri edərək, bunun nəticəsində donanmanın qarət olunmuş maddi hissəsinin və ehtiyatlarının yalnız 25%-ni müstəqil Azərbaycana saxlamağa nail oldular. Beləliklə Azərbaycan 18 ədəd müxtəlif texniki səviyyəli, artıq 1992-ci ildə mənəvi cəhətdən köhnəlmiş hərbi (döyüş gəmisi) gəmi almağa nail oldu.
Bu gəmilər (köməkçi gəmilərlə birlikdə):
159А layihəli СКP-16 “Bakinets”gözətçi gəmisi. İndiki hərbi klassifikasiya üzrə freqat tipli gəmi. Gəminin mənəvi köhnəlməsinə əyani sübut, onun ruslara qalmış eyni tayı olan “Komsomolets Daqestana” gəmisini 1992-ci ildə dəmir tədarükü üçün doğramağa veriblər.
205У layihəli “R-173” raket kateri
2 ədəd 205P layihəli “АK-234” “АK-374” artilleriya kateri
2 və ya 3 ədəd bu tipli kater Azərbaycan HDQ-lərinə Sovet dəniz sərhəd qüvvələrindən qalıb
1400M layihəli “AKA-55” patrul kateri
12650 layihəli 3 baza mina tralçısı “BT-16”, “BT-103”, “BT-155”
1258 layihəli 2 reyd mina tralçısı “RТ-136”, “RТ-473”
770 layihəli 3 kiçik desant gəmisi “MDK-36”, “MDK-37”, “MDK-68”
771А layihəli 1 kiçik desant gəmisi “MDK-107”
1785 layihəli 1 tank-desant kateri “D-603”
888 layhəli “Oka” tipli təlim gəmisi
1893 layihəli 2 yanğınsöndürən gəmisi “PJS-551”, “PJS-552”
364 layihəli 2 yanğınsöndürən kater “PJK-12”, “PJK-179”
1172 layihəli “Emba” tipli kiçik kabel[çəkən] gəmisi
10470 layihəli A671 dərinlikdə vodolaz-təmir işlərini təmin edən keçmiş “Sviyaqa” gəmisi
1844 layihəli T752 reyd tankeri
871 və 872 Polşa layihələri olan iki kiçik hidroqrafik gəmisi
1896 və 1415 layihəli A641, A648 vodolaz katerləri
SK-620 Polşa layihəli A649 sanitar-hospital gəmisi
737 layihəli T757 reyd buksiri
9.8057 Almaniya Demokratik Respublikası layihəli T758 reyd buksiri
106 metrlik buksirdə daşınan üzən təmir doku
1992-ci ildə Türkmənistan və Qazaxıstan flotiliyanın öz ərazilərində yerləşən birləşmələrinin bölünməsindən imtina etdiklərindən, bir müddət Azərbaycan HDQ Xəzəryanı dövlətlər arasında Rusiyadan sonra 2-ci gücə malik bir qüvvə olaraq qalırdı. Lakin İran İslam Respublikası tez bir zamanda Xəzərdə hərbi potensialını artıraraq oradakı üç hərbi dəniz bazasına yüzə yaxın hərbi dəniz vasitəsi yerləşdirib ki, bunların güc özəyini 4 “Sina” tipli artilleriya kateri, 2 “Jamaran” tipli 95 metrlik (Vilayət və Dəmavənd) 1400-1500 ton subasımlı korvetlər, Çinin “Hoodong” layihəli 34 metrlik və təxminən 200 ton subasımlı 3-5 ədəd raket katerləri, bir neçə sualtı qayığı təşkil edir.
Dəmavənd gəmisini bu il yanvarın 10-da Xəzərdə fırtına nəticəsində külək və dalğalar Bəndər-Ənzəli hərbi bazasının molunun dalğaqıranına çırpıb. 3 nəfər gəmi heyəti həlak olub. Yayılan məlumatlara və şəkillərə görə, gəmini xilas edə bilməyiblər. Lakin Ənzəlidə yerləşən hərbi tərsanə artıq bu gəmilərin istehsalını həyata keçirdiyindən, seriyanın başqa gəmilərini də istehsal edə bilər.
Qazaxstanın da hərbi-dəniz potensialını çox sürətlə artırması rəğbət doğurur. Nəzərə alsaq ki onlar sovet Xəzər donanmasının bölüşməsində iştirak etməyiblər, bu inkşaf daha vüsətli görünür. Düzdür, Qazaxstan ərazisindəki sovet dövründə istifadəyə verilmiş “Zenit” hərbi tərsanəsi bu inkşafda böyük rol oynayıb. Artıq Qazaxstan Xəzər akvatoriyasında şərti ikinci yer uğrunda İranla rəqabət apara bilər. Bu ölkənin əsas qüvvələri patrul katerlərindən ibarətdir. Lakin Rusiyanın 20971 layihəli “Katran” tipli “Qazaxstan” raket kateri qazax HDQ-nin flaqmanı sayılır. Bu gəmi yerli tərsanədə inşa olunub. “Zenit” müəssisəsinin imkanları ilə kifayətlənməyən qazax hərbi dəniz komandanlığı Cənubi Koreyadan 3 ədəd “Yoon Young-ha” tipli patrul gəmiləri alıb. Bundan əvvəl Qazaxıstan Cənubi Koreyadan daha üç ədəd 150 ton subasımı olan “Sea Dolphin” tipli gəmi alaraq, onları “Şapşan”, “İzzet” və “Batır” adlandırıb.
Türkmənistan uzun müddət hərbi dəniz qüvvələri sahəsində autsayder idi. Lakin 2011-ci ildə Rusiyadan 12418 layihəli “Molniya” tipli raket katerləri alandan sonra, onun zərbə və atəş gücü çox möhkəmləndi. Sonradan Rusiyadan daha 2 ədəd bu tipli gəmi alındı. Bu gəmilər Türkiyədən, Rusiyadan və Ukraynadan alınmış təxminən 10 ədəd patrul katerlərini dənizdə müəyyən taktiki düzülüşdə aviasiyadan, zərbə gəmilərindən qoruya bilər.
Xəzəryanı ölkələrin HDQ fonunda Rusiyanın HDQ-ləri daha möhtəşəm görünür. Düzdür, bəzi gəmilər akvatoriyanın taktiki ehtiyaclarına uyğun layihələr olmayaraq, çox və əzəmətli görünüş xatirinə birləşməyə təhkim edilib. Hiss olunur ki, Rusiya neftin qiymətləri baha olanda öz hərbi tərsanələrini həm iş yeri yaratmaq, texniki personalı və texnologiyaları itirməmək xatirinə gəmilər istehsal edib. Bir neçəsini Xəzər akvatoriyasına ehtiyat kimi atıb ki, lazım gələndə Volqa-Don və Volqa-Neva kanallar sistemi ilə manevr edərək, özünün Qara Dəniz və Baltik qruplaşmalarını gücləndirə bilsin. Belə ki, bu flotiliyanın iki ən böyük 11661 layihəli “Hepard” tipli korveti 8 ədəd “Kalibr” qanadlı raketinin buraxılış qurğusu ilə təhciz olunub ki, onların hədəfi vurma məsafəsi 2500 kilometrə çatır. Bu da Xəzər dənizinin xətti ölçülərindən bir neçə dəfə çoxdur. Belə silahlanma gəmidə təxminən 500-600 ton əlavə subasımı tələb edir. Əgər 1500-1600 ton subasımı olan “Hepard” tipli “Dağıstan” və “Tatarıstan” gəmilərində bu silahlanma olmasaydı, bu 102 metrlik gəminin subasımını azaldıb, onu daha kompakt inşa etmək olardı. Bunlar nəzəri məsələlər olduğundan, bu mövzu çərçivəsində üstündə dayanmayacağıq.
Bu gəmilərdən əlavə rusiyanın Xəzər flotiliyası subasımı 500 ton və kilvater üzrə uzunluğu 62 metr olan “Buyan” tipli “Kiçik artilleriya gəmiləri” qismində “Astarxan” və “Volqodonsk” gəmiləri ilə təmsil olunub. Bundan əlavə birləşmənin tərkibində bir neçə 12411 layihəli 493 ton subasımlı və 56 metrlik “böyük raket katerləri” şərti adı daşıyan (ixrac şifri - Molniya) bir neçə gəmi var. Birləşmə çoxsaylı kiçik artilleriya gəmiləri ilə, hava döşəyi üzərində hərəkət edən desant və raket-artilleriya gəmiləri ilə, patrul katerləri ilə, kiçik raket katerləri ilə, desant katerləri ilə, hidroqrafik və köməkçi gəmilərlə təhciz olunub.
Xəzərsahili ölkələrin HDQ-lərinə səthi baxış göstərir ki, ölkəmizin Xəzərdə iqtisadi və dövlət maraqlarını qorumaq üçün nəinki bizim dəniz qüvvələrinin mövcud potensialını qoruyub saxlamaq (mənəvi cəhətdən köhnəlmiş gəmiləri yeniləri ilə əvəz etmək yolu ilə), hətta bu potensialı müəyyən qədər artırmaq tələb olunur.
(Ardı var…)
Hərbi ekspert Vuqar Miraslanov
Analiz
Ordu.az-a məxsusdur