Almaniyada könüllü hərbi xidmət kampaniyası gözlənilən nəticəni verməyib

2026/06/1782715325.jpg
Oxunub: 253     10:45     29 İyun 2026    
Almaniyada Silahlı Qüvvələrin şəxsi heyət çatışmazlığını aradan qaldırmaq məqsədilə bu il başladılan könüllü hərbi xidmət kampaniyasının ilk nəticələri gözləntilərin xeyli aşağısında qalıb.

Ordu.az xəbər verir ki, təxminən 298 min 200 gəncə məktub göndərilməsinə baxmayaraq, Bundesver sıralarına qoşulmağa razılıq verənlərin sayı cəmi 530 nəfər olub.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, bu il 18 yaşı tamam olan bütün oğlan və qızlara ən azı 6 ay davam edəcək könüllü hərbi xidmətə maraq göstərib-göstərmədiklərini öyrənmək məqsədilə məktublar göndərilib.

Oğlanlar üçün sorğunun doldurulması məcburi, qızlar üçün isə könüllü xarakter daşıyıb. Təxminən beş aylıq prosesin sonunda məktub göndərilən 298 min 200 nəfərin cəmi 0,18 faizi Bundesver sıralarına qəbul edilib.

İlkin mərhələdə oğlanların təxminən 25 faizi hərbi xidmətə maraq göstərdiyini bildirsə də, telefon danışıqları və sonrakı qiymətləndirmələr nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə azalıb. Təxminən 1500 namizəd tibbi müayinədən keçirilib. Onların 80 faizi uyğun hesab olunsa da, yekunda yalnız 530 nəfərin xidmətə qəbuluna qərar verilib.

Müdafiə Nazirliyi aşağı göstəricini məktub göndərilən gənclərin böyük hissəsinin hələ də məktəbdə və ya peşə təhsili müəssisələrində oxuması ilə izah edib.

Bununla belə, ortaya çıxan nəticə ordunun yalnız könüllülük prinsipi əsasında formalaşdırılan şəxsi heyət modelinin planlaşdırılan artımı təmin etməkdən uzaq olduğunu göstərən tənqidləri yenidən gündəmə gətirib.

Almaniyanın NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi üçün hazırkı təxminən 186 min nəfərlik aktiv hərbi qulluqçu sayının 2030-cu illərin ortalarınadək 260 min nəfərə çatdırılması tələb olunur.

Müdafiə naziri Boris Pistorius könüllü müraciətlərin kifayət etməyəcəyi təqdirdə məcburi hərbi xidmət sisteminə yenidən qayıdılmasının mümkün ola biləcəyinə işarə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ordu   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin