Avropa komissarı Marta Kos Avropa İttifaqına üzv olacaq ölkələri açıqlayıb

2026/02/1771081973.jpg
Oxunub: 189     19:31     25 İyun 2026    
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos yeni üzv ölkələrin onun mandatı dövründə birliyə qoşulacağına əmin olduğunu bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə Qdansk şəhərində Ukraynanın bərpasına həsr olunmuş forum çərçivəsində keçirilən müzakirələr zamanı danışıb.

“European Pravda”nın məlumatına görə, Kos 2029-cu ildə başa çatacaq mandatı müddətində Çernoqoriyanın Avropa İttifaqına üzv olacağına əminliyini ifadə edib.

“Deyə bilərəm ki, Çernoqoriya mənim mandatım dövründə Avropa İttifaqının növbəti üzvü olacaq. Əgər İslandiya da üzvlük məsələsinə qayıtsa və vətəndaşlar avqust ayında keçiriləcək referendumda bunu dəstəkləsələr, buna da çox şad olaram”, - deyə o bildirib.

Avropa komissarı Albaniyanın da ciddi irəliləyiş əldə etdiyini vurğulayaraq qeyd edib ki, ölkə artıq danışıqların bəzi fəsillərini bağlamağa başlayıb.

“Beləliklə, genişlənmə prosesi son 15 ildə olduğundan daha sürətlə irəliləyir”, - deyə Kos qeyd edib.

O əlavə edib ki, danışıqların sürətlənməsinin əsas səbəbi Ukraynada davam edən genişmiqyaslı müharibədir.

“Etiraf etməliyik ki, məhz Ukraynadakı müharibə bu prosesin sürətlənməsinə səbəb olub”, - deyə Avropa komissarı vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos   Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin