ABŞ ordusu qüsurlara görə 1,8 milyard dollarlıq IVAS sistemlərini istifadədən çıxarır

2026/06/Ekran-1781546316.jpg
Oxunub: 208     21:55     15 İyun 2026    
ABŞ ordusu təxminən 1,8 milyard dollar vəsait xərclədiyi və sayı 10 minə yaxın olan IVAS artırılmış reallıq sistemlərinin tətbiqindən imtina edərək onları anbarlara göndərmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hökumət Hesablama Ofisinin hesabatında bildirilib.

Məlumata görə, qərar hərbçilərin sınaqlar zamanı ciddi sağlamlıq problemlərindən şikayət etməsindən sonra qəbul olunub.

Auditorlar büdcəni və təhvil müddətlərini aşan, milyardlarla dollar vəsaitin və uzun illərin itirilməsinə səbəb olan Pentaqon proqramlarını araşdırıblar. Ən problemli layihələrdən biri “Microsoft Integrated Visual Augmentation System” (IVAS) proqramı hesab olunub.

Araşdırma nəticəsində məlum olub ki, sistemin ilk iki versiyası ordunun tələblərinə cavab verməyib. Kütləvi şəkildə istehsal edilmiş avadanlıqlar indi anbarlarda saxlanılacaq, onların bir hissəsi isə gələcək sınaqlarda istifadə edilə bilər.

ABŞ ordusunun nümayəndəsi Ellen Lovett təsdiqləyib ki, rəhbərlik ilk 10 min sistemin əməliyyat etibarlılığını qəbuledilməz hesab edib. Bununla belə, o qeyd edib ki, bu qərar satınalma prosesi başa çatdıqdan sonra qəbul olunub.

Ordu həmçinin təkmilləşdirilmiş aşağı işıqlandırma sensorları ilə təchiz edilmiş 400-dən çox IVAS 1.2 prototipi hazırlayıb. Lakin bu versiyanın kütləvi istehsalı həddindən artıq baha başa gəlib.

Nümayiş təlimləri zamanı IVAS taxan hərbçilər standart avadanlıqdan istifadə edənlərlə müqayisədə daha zəif atış nəticələri göstəriblər. Əsgərlər istiqamət hissinin itməsi, ürəkbulanma, göz və boyun ağrıları, həmçinin daimi baş ağrılarından şikayət ediblər.

Pentaqonun baş müfəttişinin köməkçisi Karmen Malone bildirib ki, proqramın uğursuzluğunun əsas səbəbi ordunun tələsik və həddindən artıq iddialı tələbləri olub. Bu isə sınaqdan keçirilməmiş texnologiyalardan istifadəyə, davamlı yenidən layihələndirməyə, gecikmələrə və əlavə xərclərə gətirib çıxarıb.

2018-ci ildə başlanmış və 10 il ərzində 22 milyard dollar dəyərində nəzərdə tutulan IVAS proqramının əsas məqsədi rəqəmsal dəbilqə yaratmaq idi. Sistem piyada bölmələrinin vəziyyət məlumatlılığını artırmaq üçün əsgərin gözləri qarşısında məlumatların göstərilməsini təmin etməli idi.

ABŞ ordusu hazırda layihəni tamamilə yenidən nəzərdən keçirmək və IVAS proqramını mərhələli şəkildə bağlamaq qərarına gəlib. Hərbçilər yeni SBMC sürətli prototipləşdirmə proqramına keçirlər.

2025-ci ilin sentyabrında “Anduril Industries” şirkəti yeni SBMC proqramı üçün prototip hazırlamaq məqsədilə seçildiyini açıqlamışdı. Hazırda mövcud IVAS 1.2 sistemləri yalnız ABŞ-Meksika sərhədində patrul xidmətində müvəqqəti vasitə kimi istifadə olunur.

“Anduril Industries” artıq hərbi sərgilərdə əvvəlki layihənin çatışmazlıqları nəzərə alınaraq hazırlanmış “EagleEye” dəbilqəsini nümayiş etdirir. Boyun ağrılarını azaltmaq üçün sistemin ağır enerji batareyası dəbilqədən çıxarılaraq zirehli jiletin ballistik sinə hissəsinə yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   IVAS  


Bizi "telegram"da izləyin