Polşanın ilk F-35 təyyarələri rəsmən xidmətə qəbul edildi

2026/06/1781332393.jpg
Oxunub: 315     10:36     13 İyun 2026    
Polşa Hərbi Hava Qüvvələrinin ilk F-35 “Lightning II” döyüş təyyarələri rəsmən xidmətə qəbul olunub və ölkə üzrə təşkil edilən nümayiş uçuşları ilə ictimaiyyətə təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Polşaya xoş gəlmisiniz” tədbiri çərçivəsində üç F-35 “Lightning II” təyyarəsi Qdansk, Varşava, Krakov və Lodz şəhərlərinin səması üzərində nümayiş uçuşları həyata keçirib. Polşa Müdafiə Nazirliyinin təhvil aldığı ilk üç təyyarə daha sonra Lask şəhərində yerləşən 32-ci Taktiki Hava Bazasında keçirilən mərasimlə rəsmi olaraq inventara daxil edilib.

Nümayiş uçuşlarında iştirak edən beşinci nəsil döyüş təyyarələrini F-16 qırıcıları müşayiət edib. Tədbir Polşa vətəndaşlarına ölkənin yeni döyüş təyyarələrini ilk dəfə yaxından görmək imkanı yaradıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, uzun illər gözlənilən gün nəhayət gəlib və ölkə F-35 “Husarz” təyyarələrini qarşılayır.

Polşa 2020-ci ildə ABŞ ilə 32 F-35 “Lightning II” döyüş təyyarəsinin, təlim paketinin və ehtiyat mühərriklərin alınmasını nəzərdə tutan 4,6 milyard dollarlıq müqavilə imzalayıb. Müdafiə Nazirliyi yaxın aylarda daha 11 təyyarənin təhvil veriləcəyini, 2027-ci ildə isə əlavə 12 təyyarənin inventara daxil olacağını açıqlayıb. Bütün təyyarələrin 2029-cu ilə qədər çatdırılması planlaşdırılır.

Mütəxəssislər hesab edirlər ki, F-35 “Lightning II” təyyarələrinin xidmətə qəbulu Polşa Hərbi Hava Qüvvələrinin imkanlarında ciddi sıçrayış yaradacaq və NATO-nun şərq cinahında çəkindirmə qabiliyyətini gücləndirəcək.

Mərasim zamanı Polşanın F-35 parkına rəsmi olaraq “Husarz” adı verilib. Bu ad Polşa hərb tarixinin simvollarından sayılan məşhur “Qanadlı Husarlar” süvari birliklərinə istinad edir.

Polşa Müdafiə Nazirliyi F-35 parkının təxminən 2030-cu ildə tam əməliyyat hazırlığı səviyyəsinə çatacağını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   F-35  


Bizi "telegram"da izləyin